Pele Nigeriya ilə bağlı proqnoz verdi: Allah axırını xeyirli etsin!
09.07.2009 - 12:12
Pele Nigeriya ilə bağlı proqnoz verdi: Allah axırını xeyirli etsin!
Əfsanəvi futbolçu Pele Nigeriyaya səfəri zamanı bu ölkənin yığması ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, braziliyalı Nigeriya milli komandasının 2010-cu il dünya çempionatının yarımfinalınadək irəliləyəcəyini bildirib.

Halbuki, indiyədək dünya birinciliklərində Afrika təmsilçilərindən ən böyük uğura Kamerun və Seneqal imza atıb. Bu iki kollektiv 1/4 finala güclə yüksəlib.

Nigeriyalılar bilmirlər ki, Pelenin proqnozuna sevinsinlər, ya yox. Onlar ilk növbədə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmalıdırlar. Qrupda ikinci pillədə qərarlaşan “super qartallar” yeganə vəsiqə uğrunda Tunislə mübarizə aparır. Həm də Pelenin proqnozları bir qayda olaraq, səhv çıxır. O, proqnozlarında ən çox yanılan futbol mütəxəssisidir.

Məsələn, “futbol kralı”nın 2002-ci ildə keçirilən dünya çempionatında həmvətənlərinin zəif olduğunu və qrupda qalacağını söyləmişdi. Amma yekunda Braziliya yığması tarixində beşinci dəfə dünya çempionu oldu.

Bundan başqa, Pele afrikalıların 2000-ci ilə qədər dünya çempionu olacağını proqnozlaşdırmışdı. Təbii ki, bu da reallaşmadı. İngiltərəli yarımmüdafiəçi Nik Barmbini gənc ikən görən Pele onun Zinəddin Zidan, Ronaldo və ya Paolo Maldini səviyyəsinə çatacağını demişdi. Lakin İngiltərə milli komandasında cəmi 23 qarşılaşmaya çıxan Nik böyük turnirlərin final mərhələlərinə belə aparılmır. “Futbol kralı”nın 2002-ci il dünya çempionatı ilə daha bir səhv proqnozu. O, 7 il öncə finalda Fransa və Argentinanın qarşılaşacağını proqnozlaşdırmışdı. Ancaq hər iki komanda qrup səddini aşa bilməyərək, mübarizəni erkən dayandırdı...
0