Georgi Nikolov: Hamıdan üzr istəyirəm
10.07.2009 - 15:51
Georgi Nikolov: Hamıdan üzr istəyirəm
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- Ötən mövsümdən fərqli rəhbərlik etdiyiniz komanda bu dəfə avrokuboklarda mərhələ keçə bilmədi. Buna nə mane oldu?
- Hər məğlubiyyəti faciə etməyi düzgün saymıram. Bəli, “Spartak”ı keçməmək çox xoşagəlməz hal oldu. Mən də bütün komanda üzvləri kimi mütəəssirəm.

- Ancaq hamı “İnter”in “Spartak”ı keçəcəyini gözləyirdi...
- Elə mən də onlardan biri idim. Tam səmimi deyirəm. Ancaq alınmadı... Hər halda, meydanda nə siz, nə də mən - Georgi Nikolov oynadı. Meydana “İnter”in futbolçuları çıxmışdı və onlar bacardıqlarını göstərdilər.

- Amma hər şey əksinə oldu və komandanız qolları müdafiədəki uşaq səhvləri nəticəsində buraxdı. Elə baş məşqçi Kaxaber Sxadadze də oyun sonrası mətbuat konfransında bunu qeyd etdi. Özü də nəzərə alaq ki, “İnter”də müdafiə xətti əvvəlki futbolçularından təşkil olunub, Mahir Şükürov da yayda komandaya qayıdıb...
- Siz tamamilə haqlısınız. Çox təəssüf ki, müdafiəçilər uşaq səhvləri buraxdılar. Bir neçə saat öncə məşqçilər heyətilə birgə oyunun videoyazısını izlədim. Xüsusilə kobud səhvlər etdiyimiz epizodlara diqqət yetirdik. Məşqçilər korpusunun buna reaksiya belə oldu – bu, uşaq bağçasıdır.

- Məşqçi olmasanız da, “İnter”in prezidenti kimi belə səhvləri nə ilə izah etmək olar?
- Çox çətin sual verirsiniz. Belə deyək ki, tribunadan adi azarkeş kimi oyunu izləyirəm. Açığı, belə səhvlər izah olunmazdır. Ya konsentrasiya aşağı oldu, ya da futbolçular arasında anlaşma lazımı səviyyədə olmadı. Nə bilim, mənə buna izah vermək çox çətindir. Ola bilsin ki, həyəcan baş verdi, yaxud özlərini “yandırdılar”. Elə Trnavadakı kimi mənzərə yarandı. Orada slovakların qapımıza vurduğu üç zərbədən ikisi qol oldu.

- Bakıda isə “çərçivə”yə üç zərbə oldu və üçündə də top qapıdan keçdi...
- Bəli. Bu, slovakların müvəffəqiyyəti idi. Onlar bu cəhətdən “İnter”i keçməyə layiq idilər. Əgər səfərdə qapıya üç zərbə vurursansa və üçü də qol olursa, deməli, qələbəyə layiqsən. Fikrimcə, futbolçularda psixoloji hazırlıq baxımından problem oldu.

- Buraxılan qollarda qapıçını günahlandırmaq olarmı?
- Bilirsiniz, müdafiəçilər kömək etmirsə, onun da işi çətin olur və çox şey edə bilmir. Elə düşünürəm ki, yalnız ikinci qolu qapıçımız Junior Vilsonun vicdanına yazmaq lazımdır.

- Avrokuboklarda iki “İnter” gördük: ötən il Valentin Xodukinin, bu dəfə Kaxaber Sxadadzenin komandası. Klub prezidenti kimi müqayisə edəndə hansının oyunu daha çox xoşunuza gəldi?
- Mən tərəfdən müqayisə aparmaq heç düzgün olmayacaq. Bilirsiniz, hər məşqçinin futbola öz baxışı var. Xodukin daha çox atletik futbola üstünlük verirdi. Bu da Slovakiya futboluna oxşayırdı. Sxadadzenin isə futbola tam fərqli baxışı var. O, istəyir ki, futbolçular topu daha çox saxlasın, rəqib qapısına qısa ötürmələrlə yaxınlaşsın və bununla yaratdıqları imkanlardan yararlansın. Sxadadze “İnter”ə tam yeni taktiki mənzərə gətirdi. Ona komandada işlədiyi üç həftədə problemləri həll etmək, futbolçuları tamamilə başqa cür kökləmək çox ağır idi. Bəlkə buna görə mərhələ keçməyimiz alınmadı.

- Belə problemlər əvvəldən gözlənilirdi. Bunu nəzərə alsaq, avrokuboklara qısa müddət qalmış baş məşqçini dəyişməyə, üç ildir komandanı çalışdıran Xodukini əvəzləməyə dəyərdimi?
- Buna qəti cavab vermək çətindir. Ola bilsin ki, bir az tələsdik. Ancaq hər halda, bu qərarı qəbul etmişik və artıq heç nəyi geri qaytara bilmərik.

- Fakt odur ki, həm “İnter”, həm “Simurq” avrokubok oyunlarının hər ikisində uduzdu və reytinqimizə xal qazandırmadı...
- Bilirsiniz, heç yerdə yazılmamışdı ki, biz slovakları mütləq məğlub etməli idik. Onlar da meydana qələbə qazanmaq üçün çıxır, futbol oynamaq bacarığını göstərir. Bu, futbolda maksimumdur ki, hər komanda rəqib ona imkan verən qədər oynayır. Bizə rəqib oynamağa imkan vermədi. Biz 30 dəqiqə oynadıq və sonradan slovakların vurduğu iki qol bütün oyunumuzu dağıtdı. Həqiqətən də aldığımız məğlubiyyət çox üzücü idi. Mən Azərbaycanın bütün azarkeşlərindən ona görə üzr istəyirəm ki, yaxşı oyun göstərməyə, səviyyəmizi göstərməyə, mərhələ keçməyə müvəffəq olmadıq. Ancaq görünür, indiki vəziyyətdə imkanlarımız məhz belədir.

- Hər halda, “Spartak” hər iki oyunda qələbə qazanıbsa, deməli, mərhələ keçməyə daha layiq imiş...
- “Spartak” oyuna daha yaxşı kökləndiyini göstərdi. Bütün bunların hesabına onlar qalib gəldi. Ancaq texniki komponentlərə nəzər salsaq, fikrimcə, bizim futbolçular bu baxımdan slovakları çox-çox üstələyir. Sadəcə, onlar daha istəkli idi, qələbə eşqi ilə daha çox yanırdılar və bunun hesabına demək olar layiqli qələbə qazandılar.

- Adətən oyundan bir gün əvvəl mətbuat konfransı keçirilir. Ancaq “İnter” – “Spartak” görüşündən əvvəl belə şey olmadı. Buna səbəb nə idi?
- Bilirsiniz, qonaqlarımız Bakıya çox gec gəldilər. Sonradan mehmanxanada yerləşmək, məşqə getmək vaxt apardı. Buna görə mətbuat konfransına elə də həvəsli deyildilər.

- Bəs sizin məşqçilər niyə bunu etmədi?
- Bir az həyəcanlı idilər. Bütün diqqətlərini oyuna yönəltmək, psixoloji baxımdan köklənmək, qapanmaq istəyirdilər. Buna görə də həm bizim, həm qonaqların oyun öncəsi mətbuat konfransına elə də istəyi yox idi.

- Valter Quqlemon oyunda heç özünə bənzəmədi. Sxadadze də onun problemlərinin olduğunu bildirib...
- Onun nə şəxsi problemi ola bilər ki? Hücumçu daha çox yarımmüdafiə xəttindən, oyun qurucusundan asılıdır. Onların hücumçuya meydanda necə kömək etməsindən çox şey asılıdır. Belə demək mümkündürsə, orta sahə oyunçuları hücumçuları “yedizdirməlidir”. Ancaq oyun qurucusu Quqlemona kömək etməsə, o, təkbaşına heç nə edə bilməz. Onun qarşısında çox güclü, yaxşı fiziki göstəricilərə malik müdafiəçi axını var idi. Mən Quqlemonla danışmağa, vəziyyətə aydınlıq gətirməyə çalışacağam. Əgər onun kluba hansısa iradı varsa, qoy açıqlayıb, hər şeyi ortalığa qoysun. Mən də bu problemləri həll etməyə çalışacağam. Quqlemon bizim üçün qiymətli futbolçudur. O, komandamızda çıxış etdiyi iki ildə bunu sübut edib. Valterə bundan sonra da ümid edirdik.

- Oyun qurucusundan söz saldınız, bu mövqedə çıxış edən Petar Zlatinov “Spartak”la Bakıdakı oyunda çox zəif təsir bağışladı. Demək olar ki, meydanda görünmədi...
- Sadəcə, 9 iyul Zlatinovun günü deyildi. O, Trnavada çox yüksək səviyyədə oynadı. Bu dəfə isə alınmadı.

- “İnter”in hazırkı heyətinin böyük əksəriyyəti Xodukinlə işləyib. İndi yeni baş məşqçi gəlib və onun tələblərinə uyğunlaşmalıdır. Sizcə, bu, futbolçularda hansısa narazılıq, problem yarada bilər?
- Belə hesab etmirəm. Əgər futbolçu peşəkardırsa, klubdan məvacib alırsa, onda istənilən baş məşqçiyə öyrəşməlidir. Hesab etmirəm ki, Sxadadzenin tələbləri Xodukindən çox fərqlənir. Hər ikisi sərt məşqçidir. Mən Sxadadzenin tələbləri, istəkləri, fikirləri ilə tanış olmuşdum. Sadəcə, bir daha deyirəm ki, onun futbola baxışı tam fərqlidir. Yəqin ki, vaxt gedəcək, futbolçularımız ona da öyrəşəcək. Özünüz də fikir verdiniz, oyunun sonunda futbolçularımız Xodukinin vaxtında olduğu kimi oynamağa başladı. Yəni, bu vərdiş qalıb və bunun aradan qalxması üçün vaxt lazımdır.

- Prezident kimi Sxadadzeyə ilk imtahanında neçə qiymət verərdiniz?
- Hələ bunu etmək tezdir. Açığı, ondan fantastik şeylər gözləmirdim. Hesab edirəm ki, yeni mövsümə hazırlığın bir mərhələsini keçdik.

- Mahir Şükürovun oyun zamanı rəqibə qarşı hərəkətini gördünüzmü?
- Bəli, gördüm. O, rəqibi vurdu. Ancaq buna qədər rəqib tərəfdən Mahirə qarşı təxribat var idi. O da çılğındır, tez özündən çıxır və heç vaxt borclu qalmır. Buna görə də rəqibə eyni jestlə cavab verdi. Söylədiklərim Şükürova haqq qazandırmır. Sadəcə, deməyim odur ki, rəqib da çox sərt hərəkət etmişdi.

- Hər halda, rəqib səhvini başa düşərək Mahirə yaxınlaşdı və əlini uzadaraq ondan üzr istədi. Futbolçumuz da bunun cavabında arxadan onun ayağına zərbə vurdu...
- Doğrudur. Belə demək olar ki, Mahir həmin epizodda düzgün hərəkət etmədi.

- Şükürova qarşı hansısa cəza tədbiri gözlənilir?
- Onunla danışacağam. Açığı, istənilən cəzanın əleyhinəyəm. İstər pul cəriməsi, istərsə başqa cəza. Ümid edirəm ki, Mahir nə qədər bizim klubda oynayır, daha belə şeyi təkrarlamayacaq.

- Sxadadze oyun sonrası mətbuat konfransında mütləq heyətin gücləndirilməsi, daha bir neçə futbolçu almağın lazım olduğunu dedi. Bu yöndə planlarınız necədir?
- Bu, məşqlərin işidir. Bir neçə saat öncə məşqçilər heyətilə görüşüm olub. Mən heyətdə lazımı dəyişikliklər etməyə razılıq verdim. Əgər onlar bunu lazım bilirsə, qoy belə də olsun.

- Konkret hansı dəyişikliklər olacaq?
- Çox güman, Sxadadzeyə yaxşı, qol vurmaq bacarığı ilə seçilən bir hücumçu lazım olacaq. Bir də Zlatinova ortada kömək edə bilən yaradıcı futbolçu, yarımmüdafiəçi lazımdır. İndi konkret adlar deyə bilmərəm. Çünki hələ hansı futbolçuları alacağımızı müəyyənləşdirməmişəm. Mən bunun üçün onlara bir neçə gün vaxt vermişəm. Futbolçular seçiləndən sonra artıq rəhbərlik bu transferlərin mümkünlüyünə baxacaq. Yəni maddi məsələləri nəzərdə tuturam.

- Bunlar yerli, yoxsa əcnəbi futbolçular olacaq?
- Mən komandaya canını qoyan futbolçuları götürərdim.

- Hansısa futbolçuların komandadan kənarlaşdırılacağı gözlənilir?
- Fikrimcə, köhnə heyətimiz qalacaq. Çünki artıq yeni mövsümə hazırlıq başlayıb və Avroliqada oynayan bütün futbolçuların “İnter”lə müqaviləsi var. Buna görə çətin ki, kənarlaşdırılan hansısa futbolçu olsun.
0