Ancaq Azərbaycanda: 1 futbolçu 20 gündə 2 klubla müqavilə bağlayıb
10.07.2009 - 17:09
Ancaq Azərbaycanda: 1 futbolçu 20 gündə 2 klubla müqavilə bağlayıb
Şahin Diniyevin vaxtında Azərbaycan yığmasında forma geyinən Murad Ağakişiyev uzun müddət futbolsuz qala bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb 25 yaşlı hücumçunun son 20 gündə 2 klubla müqavilə bağlamasıdır.

Belə ki, futbolçu maliyyə problemləri ilə üz-üzə qalan “Karvan” klubundan ötən ay ayrılaraq, “Qəbələ” ilə 1 illik müqaviləyə qol çəkib. Bundan az sonra isə fikrini dəyişib və qarşıdakı mövsümdən Sumqayıtı təmsil edəcəyi gözlənilən “Standard”da oynamağa razılıq verib. Bu isə “Qəbələ” rəsmilərinin haqlı narazılığına səbəb olub. Əyalət komandasının baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında bildirib ki, Murad Ağakişiyev “Qəbələ” ilə müqaviləyə qol çəkməklə yanaşı, müəyyən məbləğdə pul da alıb: “Amma buna baxmayaraq, o, idmançıya yaraşmayan hərəkət etməklə, başqa bir klubla müqavilə bağlayıb. Murad iddia edir ki, “Qəbələ” ilə müqaviləyə qol çəkməyib, sadəcə şifahi razılıq əldə edilib. Necə ola bilər ki, qol çəkməyib, amma bizdən pul alıb. Deyəsən, Ağakişiyev uzun müddət futbolsuz qalmaq istəyir”.

“Ağakişiyevin qayıdıb “Qəbələ”də oynaması mümkündürmü” sualına gəlincə, baş menecerin cavabı belə olub: “Biz ona necə etibar edə bilərik? Az öncə komandamızla müqavilə bağlasa da, sözünün üstündə durmadı. Bu gün bizimlə müqavilə bağlayıb sabah başqa birisi ilə razılığa gələn futbolçudan nə gözləmək olar? Təbii ki, belələri mövsümün ortasında komandanı yarı-yolda qoyarlar. Murad hətta mətbuatda deyib ki, “Qəbələ”dən aldığı pulu qaytarmayıb. Deyəsən, o, uzun müddət futboldan kənarda qalmaq istəyir”.
0