"Hamburq"un sabiq futbolçusu Azərbaycana gəlir
10.07.2009 - 23:00
"Hamburq"un sabiq futbolçusu Azərbaycana gəlir
Andrey Çernışev "Standard"ı tərk edib! Apasport.az saytının məlumatına görə, 4 gün öncə Azərbaycana gələn rusiyalı mütəxəssisə Sumqayıt klubu ilə müqavilə bağlamaq nəsib olmayıb. Çernışevin özü ilə gətirdiyi köməkçisi Maksim Olerxov da düşərgəni tərk edib.

Rusiyalının əvəzinə isə litvalı Valdas İvanauskas kluba baş məşqçi gətirilir. Valdasın yaxın günlərdə Bakıya gələcəyi gözlənilir. İvanauskas keçmiş SSRİ-nin ən tanınmış futbolçularından olub. Futbolçu karyerası ərzində Litvanın "Jalqris" (1984, 1986-89, 1990, Rusiyanın MOİK (1985-89), "Lokomotiv" (1990), Avstriyanın "Austrya" (Vyana) (1990-93), "Austrya" (Zallstburq) (1997-99) Almaniyanın "Hamburq" (1993-97), "Vilhemsafen" (1999-2001), "Kloppenburq" (2001-2002) klublarında oynayıb.

Bundan başqa, SSRİ-nin və Litvanın milli komandalarının da şərəfini qoruyub. Baş məşqçi kimi ilk dəfə 1999-cu ildə Litvanın "Vetra" klubunu çalışdırıb. 2004-05-ci ildə isə "Kaunas"ın baş məşqçisi olub. 2006-cı ildə Şotlandiyanın məşhur "Harts" klubuna rəhbərlik edib. Futbolçu kimi SSRİ çempionatının bürünc (1987), Avstriya çempionatının qızıl (1991, 1992, 1993), Avstriya kubokunun qalibi (1992, 1993), SSRİ millisinin heyətində gənclər arasında Avropa çempionatının gümüş (1984) medallarını qazanıb.

SSRİ-nin ən güclü 33 futbolçusu siyahısına düşüb (1989) və Litvanın son 50 ildə yetişdirdiyi ən güclü futbolçusu adına layiq görülüb (2003). "Jalqris"in heyətində 107 oyuna 34, MOİK-in heyətində 32 oyuna 2, "Lokomotiv"in heyətində 16 oyuna 7, "Austriya"nin (Vyana) heyətində 78 oyuna 28, "Austrya" (Zalsburq) heyətində 36 oyuna 7, "Vilhemsafen"ın heyətində 50 oyuna 16 qola imza atıb.
0