Abdulkadır Kamara “Olimpik-Şüvəlan”a necə keçdi?
11.07.2009 - 12:26
Abdulkadır Kamara “Olimpik-Şüvəlan”a necə keçdi?
“Olimpik-Şüvəlan” futbol klubu “Qəbələ”nin sabiq üzvü Abdulkadır Kamaranın transferinə aydınlıq gətirib. Komandanın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az saytına bildirib ki, qvineyalı yarımmüdafiəçi peşəkar futbol qaydaları əsasında və FİFA, UEFA-nın mövcud reqlamentinə uyğun transfer olunub.

“Son günlər Kamaranın transferinə görə “Olimpik” və “Qəbələ” arasında mübahisələrin yaranmasına dair müxtəlif şayiələr yayılıb. Halbuki, bizim klubların rəhbərliyi arasında hər hansı narazılıq və ya qarşıdurmadan söhbət gedə bilməz. Əksinə, hazırda münasibətlərimiz çox yaxşıdır. Elə bu məsələdə də fikir həmrəyliyi olub və Kamaranın transferi ilə bağlı məsələ müsbət həllini tapıb” - deyə Yusifov vurğulayıb.

Kamara hələ ötən mövsümün sonlarında “Olimpik”də oynamaq istəyinə düşüb. Yusifovun sözlərinə görə, həmin vaxt futbolçunun “Qəbələ” ilə müqaviləsi başa çatmadığından çempionatın bitməsini gözləyiblər: “Həqiqətən Kamara mövsümlərarası fasilədə “Olimpik”in transfer edəcəyi futbolçular siyahısında yer alıb. Məşqçilər də onun komandaya keçidində maraqlı olub və təkliflərini rəhbərliyə veriblər. Futbolçunun özü də dəfələrlə “Olimpik”də oynamaq istədiyini məşqçilər korpusuna söyləyib. Sonuncu mövsümün axırlarında, daha doğrusu mayda Kamara klubumuza keçmək istədiyini bildirmişdi. Lakin o zaman onun müqaviləsi olduğu üçün başqa klubun hüquqlarını pozmamaq naminə danışıqlar aparmırdıq. Çempionat bitdikdən sonra isə Kamaranın transferi ilə bağlı fəaliyyətə başladıq. İlk təşəbbüs yenə futbolçunun özündən gəldi”.

Belə ki, Kamara Belçikadan “Olimpik”in meneceri Sakit Rzayevə zəng edərək, Bakıya təşrif buyurmaq və klubla danışıqlara başlamaq istədiyini açıqlayıb. Qvineyalının meneceri məhz Rzayevdir və futbolçunu ilk dəfə ölkəmizə o gətirib. “Olimpik”in mətbuat katibi deyir ki, Kamara iyulun 1-də paytaxtımıza gəlib: “Futbolçuya elektron bilet və dəvətnamə göndərib, Bakıya dəvət etdik. Kamara iyulun 1-də axşam saatlarında paytaxta gəldi. Onu qarşılayıb otelə yerləşdirdik. Ertəsi gün isə ofisə gələrək, rəhbərliklə görüşdü və müqavilənin detallarını razılaşdıraraq, anlaşmaya imza atdı”.

Ancaq hadisələrin sonrakı axarı gözlənilməz olub. Qubaya yollanaraq, “Olimpik”in heyətində səhər məşqinə çıxan yarımmüdafiəçi nahardan sonra gözlənilmədən komandanın düşərgəsini özbaşına tərk edib. Tezliklə onun sorağı “Qəbələ”dən gəlib. Yusifov bununla bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edildiyini söyləyib: “Biz haqlı mövqeyimizi PFL-ə rəsmi məktubla müraciətimizdə bildirdik və onun geri qaytarılmasını xahiş etdik. PFL işə qarışdıqdan sonra “Qəbələ” rəhbərliyi də bu məsələdə obyektiv mövqe tutdu. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov işə qarışaraq, futbolçunu “Olimpik”in düşərgəsinə göndərdi. Bütün bunlar isə həm “Olimpik”, həm də “Qəbələ” rəhbərliyinin peşəkar əsaslarla fəaliyyət göstərdiyini və arada hansısa narazılığın olmadığını göstərir. Kamara artıq üç gündür Qubada komandamızın heyətində təlim-məşqdədir. Onun “Olimpik”ə transferi məsələsini artıq həll edilmiş saymaq olar”.
0