“Bakı” ilə oyun ərəfəsində “Ekranas” problemlə üzləşib
11.07.2009 - 13:04
“Bakı” ilə oyun ərəfəsində “Ekranas” problemlə üzləşib
Litvanın “Ekranas” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Bakı” ilə oyun öncəsi ciddi problemlə üzləşib. “Ekranas”ın mətbuat katibi Qyanas Saroçko apasport.az saytına açıqlamasında əsas hücumçuları Valdas Trakisin ciddi zədə aldığını bildirib.

2006/07 mövsümündə Bakının “İnter” klubunda çıxış etmiş ucaboylu litvalı futbolçu Panejelis təmsilçisinin “vuran ayağı” sayılır. Ancaq Kiprdə yerli “Omoniya” klubuna qarşı yoxlama oyununun (1:1) sonunda Trakis aldığı zədə ucbatından meydanı tərk etməli olub.

Saroçkonun sözlərinə görə, Valdasın iyulun 14-də “Bakı” ilə ev oyununda meydana çıxması sual altındadır: “Dünən onun vəziyyəti ilə bağlı söhbətləşdim. Valdas fərdi məşq edir. Kiprdə aldığı zədə komanda ilə məşq etməsinə imkan vermir. Trakisin daban nahiyəsində problemi var. O, “Bakı”ya qarşı ilk görüşdə oynamaya bilər”.

Trakisin yoxluğunu ciddi itki hesab edən “Ekranas”ın rəsmisi yeni transferlərə böyük ümid bəsləyir: “Komandamızda sınanılan futbolçulardan ikisi ilə müqavilə bağladıq. Bunlardan Andryus Şidlauskas bizə yaxşı tanış futbolçudur. O, bir neçə mövsüm komandamızda çıxış edib. Ötən il komandamızı tərk edən Şidlauskas orta sahədə oynayır. Cinah yarımmüdafiəçisi kimi sürətli oyunu ilə seçilir. Fiziki hazırlığı da yüksək səviyyədə olan Andryus Ukrayna və Belarusda da çıxış edib. Serbiyalı Darko Arandeloviç də yarımmüdafiəçidir. Hər iki yeni futbolçumuzu “Bakı” ilə oyunlara sifariş etmişik və onlara böyük ümidlər bəsləyirik”.

Qeyd edək ki, “Ekranas” - “Bakı” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0