“Azərbaycanda rayon səviyyəsində futbol oynayırlar”
14.07.2009 - 15:14
“Azərbaycanda rayon səviyyəsində futbol oynayırlar”
“Azərbaycanda rayon, respublika səviyyəsində futbol oynayırlar. Dünyəvi futbolla isə ayaqlaşa bilmirlər”. Lent.az-ın məlumatına görə, bu sözləri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Futbolumuzun problemlərindən danışan İsmayılov uşaq futbolunu bilən məşqçilərə ehtiyac duyduqlarını açıqlayıb: “Yığmamızda çıxış edən futbolçular indiyədək öyrəndiklərindən artığını göstərə bilməzlər. Millimizin baş məşqçisi Berti Foqts onlarla qadir olduqlarından yüksək nəticə verə bilməz. Ona görə də daha çox uşaq futbolunun inkişafına diqqət ayırmaq və bu sahəni bacarıqlı mütəxəssislərə tapşırmaq lazımdır”.

Nazirlik rəsmisinin fikrincə, futbol fərdi idman növü olduğu üçün kollektiv şəklində uğur qazanmaq çətindir: “Futbolu 11 nəfər 1 medal qazanmaq üçün oynayır. Təsəvvür edin: xorda nə qədər adam oxuyur, amma onlar bir səs çıxarmalıdırlar. Kollektiv oyunda da nəticə göstərmək çətindir”.
0