“Xəzər-Lənkəran” rumıniyalı futbolçunu bəyənmədi
15.07.2009 - 18:32
“Xəzər-Lənkəran” rumıniyalı futbolçunu bəyənmədi
Türkiyədə təlim-məşq toplanışını başa vuran “Xəzər-Lənkəran” sabah Bakıya qayıdacaq. Apasport.az saytının məlumatına görə, Boludakı hazırlıq çərçivəsində keçirdiyi 3 yoxlama görüşünün ikisində qələbə qazanan, digərində məğlubiyyətlə üzləşən Lənkəran təmsilçisinin heyətində yeni futbolçular da var.

Bunlar İvan Peça (Slovakiya), Denis Kolinkov (Moldova) və Marius Marian Kroitorudur (Rumıniya). Onlar baxışda olduqları müddətdə özlərini yaxşı tərəfdən göstərsələr də, hələlik “Xəzər-Lənkəran”da qalıb-qalmayacaqları bilinmir. Belə ki, baş məşqçi Ağasəlim Mircavadovla klub rəhbərliyi arasındakı söhbətdən sonra legionerlərin taleyinə aydınlıq gələcək.

Cənub təmsilçisinin futbolçuları qısa istirahətdən sonra yenidən bir araya gələcəklər. Komandanın iyulun 24-də Avstriyada 15 günlük təlim-məşq toplanışında olması nəzərdə tutulur.

Az öncə aldığımız məlumata görə, “Xəzər-Lənkəran”ın məşqçilər korpusu Marius Marian Kroitorunu bəyənməyib və onu geri qaytarıb. Baş məşqçi Ağasəlim Mircavadov apasport.az saytına bildirib ki, Peça və Kolinkovdan başqa, komandaya daha 2 hücumçu və 1 yarımmüdafiəçi lazımdır.
0