UEFA “Çelsi”nin cəzasını azaltdı
16.07.2009 - 10:20
UEFA “Çelsi”nin cəzasını azaltdı
UEFA İngiltərənin “Çelsi” klubunun futbolçularının Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” (İspaniya) ilə cavab matçında etdikləri hərəkətlərə görə aldıqları cəzanın müddətini azaldıb. Lent.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda qərar “Çelsi”nin şikayətinə baxıldıqdan sonra çıxarılıb.

Yeni qərara əsasən, hakimi təhqir edən hücumçu Didye Droqbanın diskvalifikasiyası 3 oyuna endirilib. Daha 2 matç isə onun üçün şərti cəza xarakteri daşıyacaq. Müdafiəçi Joze Bosinqva isə 2 görüşü buraxacaq, 1 qarşılaşma isə şərti xarakterli olacaq. Şərti cəzaların sınaq müddəti 3 ilədək artırılıb. Bundan əlavə, Droqba 15 min avro, Bosinqva isə 10 min avro cərimələnib. “Çelsi” klubuna kəsilən 100 min avro isə qüvvədə qalıb.

Qeyd edək ki, norveçli baş hakim Tom Henninq Evrebönün ünvanına etikadan kənar ifadələr işlədən Droqba əvvəlcə 4 oyunluq, hakimin satıldığını iddia edən Bosinqva isə 3 oyunluq cəzaya (əlavə bir oyun şərti cəza) məruz qalmışdı. Sonradan onlar üzr istəmişdilər.
0