Ağasəlim Mircavadov: Əcnəbilər Azərbaycan çempionatını “proxodnoy” sayırlar
16.07.2009 - 13:39
Ağasəlim Mircavadov: Əcnəbilər Azərbaycan çempionatını “proxodnoy” sayırlar
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- “Xəzər-Lənkəran” Türkiyədə keçirilən təlim-məşq toplanışı artıq başa vurdu. Hazırlıq prosesindən razı qaldınızmı?
- Təlim-məşq toplanışında əsasən fiziki hazırlığa üstünlük verdik. Eyni zamanda baxışa çağırılan futbolçuları sınaqdan keçirdik. Təlim-məşq toplanışının “Xəzər-Lənkəran”a çox xeyri dəydi. Komanda daxilində stress var idi, futbolçuların psixoloji durumu bir o qədər də yaxşı deyildi. Demək olar, hər gün ayrı-ayrı oyunçularla təkbətək söhbət aparırdıq. Əfsuslar olsun ki, komanda tam komplektləşməyib. Biz hələ də axtarışdayıq. Hücumçu axtarırıq. Bir neçə futbolçunu sınamışıq.

- Bəyəndiyiniz futbolçular var?
- Slovakiyalı İvan Pexanı bəyəndik. O, BATE-nin heyətində ötən il Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”a qarşı çıxış edib. Sonradan zədələndiyi üçün 3-4 ay meydana çıxa bilməyib. İndi isə səhhətində heç bir problem yoxdur. “Xəzər-Lənkəran” rəhbərliyi onunla danışıb, müqavilə bağlayacaq. Bundan başqa, Moldova yığmasının 23 yaşlı hücumçusu var, onu da bəyənmişik.

- Denis Kolinkovu nəzərdə tutursunuz?
- Bəli.

- Onu da komandaya götürəcəksiniz?
- Kolinkovu da heyətə cəlb etmək istəyirik. Onunla da söhbətimiz olacaq. Necə bəyəm? Siz elə bilirdiniz ki, istəmirik onu?

- Xeyr, sadəcə fikrinizi öyrənirik. Kolinkovun “Xəzər-Lənkəran”ın məşqçi korpusu tərəfindən bəyənildiyi haqda artıq xəbər yazmışıq.
- Dediyim futbolçuların məsələsi rəhbərlikdən asılıdır. Onlarla müqavilənin maddi tərəfi müzakirə olunacaq. Bu işlərə mən baxmıram. Pexa və Kolinkovla yanaşı, bizə daha iki hücumçu və bir yarımmüdafiəçi lazımdır. Ümumiyyətlə, əcnəbi futbolçular Azərbaycan çempionatı haqda yaxşı fikirdə deyillər. Elə bilirlər ki, bizim çempionat “proxodnoy”dur, hazırlıqsız gəlib klublarda baxışdan keçmək olar. Ancaq belə deyil. Azərbaycan çempionatının səviyyəsi ildən-ilə artır. Premyer Liqada daha güclü əcnəbilər oynamaq istəyirlər, klubların maddi-texniki bazası yaxşılaşır. Baxışa gələn bəzi legionerlər hazırlıqsız idilər. 2-3 həftə, hətta 1 ay məşq etməmiş futbolçular da baxışa gəlirdilər. Mən heç vaxt belələrini qəbul etmirəm. Biz futbolçuları hər tərəfli sınaqdan keçiririk. Onların oyunlarına, futbol biliklərinə, insanlıqlarına, Azərbaycanda qalıb-qalmamaqlarına diqqət yetiririk. Əcnəbiləri test üsulu ilə seçirik, onlar bir neçə bənddən ibarət sualları cavablandırırlar, bəyəndiyimiz təqdirdə, transfer edirik.

- “Xəzər-Lənkəran”ın təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyunları haqda nə deyə bilərsiniz?
- 3 yoxlama görüşündə qüvvəmizi sınadıq. Bunların 2-də qalib gəldik, 1-də məğlub olduq. Ancaq hər 3 oyunda qələbə qazanmalı idik. Çünki bütün qarşılaşmalarda aşkar üstünlüyə yiyələnmişdik. “Samsunspor”a qarşı son matçda da üstünlüyümüz var idi. Həm fiziki cəhətdən, həm də futbolçuların cəldliyi baxımından rəqibi geridə qoymuşduq. Hərçənd, güclü yağış yağırdı...

- Bu oyunda qalmaqal da yaşandı. Səbəb nə idi?
- Hakim kobud səhvlər buraxdı. Yoldaşlıq oyunları çox cavan hakimlərə tapşırıldı. Buna görə onlar tez-tez nöqsanlar buraxırdılar. “Samsunspor” uduzurdu, bizim əleyhimizə cərimə zərbəsi, aut və digər qərarlar verilirdi. Onu da deyim ki, “Samsunspor” futbolçuları da özlərini pis aparırdılar. Hakim 88-ci dəqiqədə oyunu saxladı, futbolçular arasında söhbət oldu. Matçın axırına cəmi 2 dəqiqə qaldığı üçün hakim mübahisənin qarşısını almaq məqsədilə görüşü bitmiş saydı.

- Ancaq meydanda qan töküldüyü, “Xəzər-Lənkəran”ın futbolçusu Fatih Sonkayanın rəqibin başını yardığı bildirilir.
- Bu, mübarizə zamanı oldu. Sonkaya hava mübarizəsində rəqibin başına vurdu. “Samsunspor”un oyunçusunun başı qanadı. Epizod birinci hissənin axırlarına təsadüf etdi. Yəni, bunun qalmaqalla heç bir əlaqəsi yoxdur.

- İvan Svetkov komandanın düşərgəsinə nə zaman qayıdacaq?
- Onun burnu sındığından, vətəninə, şəxsi həkiminin yanına göndərdik. İndi əlaqə saxlayıb, sağalacağı, məşqlərə başlayacağı vaxtı öyrənəcəyik.

- “Xəzər-Lənkəran”ın keçmiş kapitanı, hazırda “Qarabağ”dan kənarda qalan Zaur Ramazanov və transferə çıxarılmış Emin Quliyevin yenidən komandanızda görünmək ehtimalı var?
- Bununla bağlı planımız yoxdur.

- Yəqin ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Bakı”nın “Ekranas”la görüşünü izləmisiniz. “Bakı”nın çıxışı haqda nə deyə bilərsiniz?
- Bəli, matçı Türkiyədə televiziya vasitəsilə izlədim. “Bakı” qələbə qazanmalı idi. Deyərdim ki, “Bakı” xal itirdi.

- Növbəti mərhələyə yüksəlmək üçün hansı komandanın şansı yüksəkdir?
- Hələ əvvəldən də bildirirdim ki, təsnifat mərhələsindəki rəqiblər arasında ən münasibi “Bakı”ya düşüb. Mənə elə gəlir ki, ilk görüşdə “Bakı” bir az ehtiyatla oynayırdı. Əgər öz oyunlarını göstərsəydilər, “Ekranas”a 2 top fərqi ilə qalib gələrdilər.
0