“Bakı”nın potensial rəqibləri: “Olimpiakos”, “Slaviya” və ...“Pünik”
16.07.2009 - 14:11
“Bakı”nın potensial rəqibləri: “Olimpiakos”, “Slaviya” və ...“Pünik”
Sabah Çempionlar Liqası (ÇL) və Avroliqanın üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Bakı vaxtı ilə saat 15:00-da ÇL, bundan saat yarım sonra Avroliqanın püşkü atılacaq.

Hər iki turnirdə Azərbaycan komandaları da mübarizə aparır və deməli, “Bakı” və “Qarabağ”ın da adları səbətdən çıxarılacaq. Düzdür, onların üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacağı hələ bilinmir. “Bakı” iyulun 21-də “Ekranas”la (Litva) Bakıda cavab oyununa çıxacaqsa, “Qarabağ” Norveç “Rusenborq”u ilə ilk görüşünü bu gün səfərdə keçirir. Ancaq UEFA indidən püşkatma keçirməklə, sonradan təşkilati işlərə vaxt azlığı, viza məsələsi kimi problemlərin qarşısını alır.

Səfərdən sərfəli nəticə (2:2) ilə dönərək, üçüncü təsnifat mərhələsinə çıxmağa yaxın olan “Bakı”nın 10 potensial rəqibi arasında güclü komandalar çoxdur. Bu baxımdan Yunanıstanın “Olimpiakos”, Çexiyanın “Slaviya” və İsveçrənin “Sürix” klublarını xüsusilə qeyd etmək olar. Hər üç komanda nüfuzlu mübarizəyə birbaşa bu mərhələdən başlayacaq. ÇL-də qrup mərhələsində dəfələrlə iştirak edən “Olimpiakos” 3-cü mərhələdə reytinqi ən yüksək (52,663) olan komandadır. Digər potensial rəqiblər “Kopenhagen” (Danimarka) - Morgen (Çernoqoriya), “Levski” (Bolqarıstan) - “Sent Julia” (Andorra), “Ril” (Uels) - “Partizan” (Serbiya), “Makkabi” (Hayfa, İsrail) - “Qlentoran” (Şimali İrlandiya), “Pünik” (Ermənistan) - “Dinamo” (Xorvatiya), “Makedoniya” (Makedoniya) - BATE (Belarus) və Visla” (Polşa) - “Levadiya” (Estoniya) cütünün qalibləridir.

İlk oyunlardakı nəticələrdən sonra “Kopenhagen”, “Levski”, “Partizan”, “Makkabi” və BATE-nin mərhələ adlayacağı şübhə doğurmur. “Visla” “Levadiya” ilə görüşdə aşkar favorit olsa da, evdə 1:1 hesablı heç-heçə etməklə işini çətinləşdirib. Nəhayət, bizim üçün daha maraq doğuran və diqqəti çəkən “Dinamo” – “Pünik” cütüdür. Bədnam qonşularımızın təmsilçisi evdə güclü rəqibi, iki il öncə elə ÇL-də “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran Zaqreb “Dinamo”su ilə qolsuz heç-heçə edib. Düzdür, vaxtilə “Neftçi”yə “Birlik Kuboku”nda uduzan (0:2), növbəti ildə isə oynamaqdan qorxub qaçan “Pünik”in Xorvatiyada nəsə edəcəyi az inandırıcı görünür. Ancaq istənilən halda, ermənilər də hələ ki potensial rəqiblərimiz arasındadır. Sadəcə, UEFA-nın 2008-ci il Avropa çempionatının seçmə mərhələ qrup oyunlarında bir qrupa düşən, ancaq sonradan oyunlarını ləğv etməli olduğu Azərbaycan və Ermənistan təmsilçilərinin yenidən bir-biri ilə düşməsinə imkan verməyəcəyi daha real görünür.

“Qarabağ”ın isə üçüncü təsnifat mərhələsində rəqibləri daha çoxdur. Həmin 35 komanda arasında İsveçrənin “Yanq Boyz”, İsveçin “Höteborq”, Norveçin “Valerenqa” və “Fredrikstad”, Sloveniyanın “Olimpiya”, Macarıstanın “Honved”, Serbiyanın “Voyvodina”, Kiprin APOP, Slovakiyanın “Koşitse” və Xorvatiyanın “Hayduk” klubları mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayacaq. “Qarabağ” mərhələ keçsə, “Reykyavik” (İslandiya) – “Larisa” (Yunanıstan), “Elfsborq” (İsveç) – “Holodaş” (Macarıstan), “Falkrik” (Şotlandiya) – “Vaduts” (Lixtenşteyn), “Çerno More” (Bolqarıstan) – “İskra-Stal” (Moldova), “Naftan” (Bolqarıstan) – “Gent” (Belçika), “Suduva” (Litva) – “Randers” (Danimarka), “Siqma” (Çexiya) – “Fram” (İslandiya), “Legiya” (Polşa) – “Olimpi” (Gürcüstan), “Şturm” (Avstriya) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Metallurq” (Liyepaya) – “Dinamo” (Tiflis, Gürcüstan), “Sevoyno” (Serbiya) – “Kaunas” (Litva), “Slima” (Malta) - “Makkabi” (Netanya, İsrail), “Bney Yehuda” (İsrail) – “Dinaburq” (Latviya), “Omoniya” (Kipr) – “Torshavn” (Norveç), “Sarayevo” (Bosniya və Herseqovina) – “Spartak” (Slovakiya), “Sent-Patriks” (İrlandiya) – “Valletta” (Malta), “Sonto” - “Derri Siti” (İrlandiya), “Nova Qoritsa” (Serbiya) – “Lahti” (Finlandiya), “Yuvenes-Doqana” (San-Marino) - “Poloniya” (Polşa), “Differdanq-03” (Lüksemburq) – “Riyeka” (Xorvatiya), “Milano” (Makedoniya) - “Slaven” (Xorvatiya), “Kruzeyders” (Şimali İrlandiya) – “Rabotniçki” (Makedoniya), “Vetra” (Litva) – HİK (Finlandiya) “Honka” (Finlandiya) – “Banqor Siti” (Uels) cütünü qaliblərindən biri ilə də görüşə bilər.

“Bney Yehuda”nın “Simurq”u, “Spartak”ın isə “İnter”i mübarizədən kənarlaşdırdığını nəzərə alsaq, bu komandalar avrokubokların cari mövsümündə yenidən bizə rəqib ola bilərlər.
0