Prezident “Bakı”da nöqsan tapdı
16.07.2009 - 15:16
Prezident “Bakı”da nöqsan tapdı
“5 yeni futbolçumuz var. Ehtiyac yaranarsa, yenilərini dəvət edə bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Çempionlar Liqasındakı təmsilçimiz “Bakı” Litvada “Ekranas”la heç-heçə (2:2) oynamaqla, mərhələ keçmək şansını artırıb. Hələ oyun öncəsi futbolçularla görüşən Məmmədov həm onları yeni mövsümün startı münasibəti ilə təbrik edib, həm də yalnız qələbəyə kökləyib. “Bakı” buna çox yaxın olsa da, hər halda, səfərdə məhsuldar heç-heçə də prezidenti razı salıb: “Hesabda geri qalmağımıza baxmayaraq, iki qol vurub vəziyyəti xeyrimizə dəyişdik. Bu da bizi sevindirdi. Ancaq nöqsanlar da diqqətimi cəlb etdi. Əminəm ki, bir həftə ərzində onları aradan qaldırıb, hamımızın gözlədiyi qələbəni əldə edəcəksiniz. Hava limanında gömrükçülər, təhlükəsizlik məmurları, pilotlar, bir sözlə, hamı bizə uğurlar arzulayırlar. Komandada yüksək əhval-ruhiyyə yaşanır ki, bu da məni sevindirir. Bizim belə peşəkar, "professor" oyunçularımız var. Əminəm ki, rəqibə boyun əymərik. Söz verirəm ki, mərhələ keçəcəyik”.

Məmmədov komandasının makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski ilə söhbətində ona cavab oyununa ciddi hazırlaşmağı tapşırıb: "Arxayınçılığa əsas yoxdur. Bakıda qələbəni təmin etməlisiniz".
Qeyd edək ki, “Bakı” – “Ekranas” görüşü iyulun 21-də keçiriləcək.

Mənbə: bakıfc.az
0