“Rusenborq”un kapitanı: Mərhələ keçəcəyimizə söz verə bilmərəm
17.07.2009 - 10:52
“Rusenborq”un kapitanı: Mərhələ keçəcəyimizə söz verə bilmərəm
Norveçin “Rusenborq” klubunun kapitanı Roar Strand “Qarabağ”dan çəkinir. Apasport.az saytının məlumatına görə, Norveç yığmasında çıxış etmiş təcrübəli futbolçu komandamızla Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində evdə qolsuz heç-heçə nəticələnən görüşdən narazı qalıb. Onun fikrincə, “Qarabağ”a qarşı bərbad oyun göstəriblər: “Bu gün sadəcə, çox pis oynadıq. Baxmayaraq, komandamızda yaxşı futbolçular var. Biz özümüzü göstərə bilmədik. Rəqib isə yaxşı müdafiə olunaraq, nəticə qazandı”.

Norveçdə çempionat getsə də, “Rusenborq” iyulun 23-də Bakıda keçiriləcək cavab görüşü öncəsi istirahət etmək imkanı qazanacaq. Özü də bu, gələn həftənin ilk gününə qədər davam edəcək və həmin gün futbolçular bir araya gəlib, məşqləri bərpa edəcək: “Bizə bir neçə günlük istirahət verilməsi yaxşı haldır. Az bir müddətdə də olsa ailəmizin əhatəsində ola biləcəyik. Ümid edirəm və inanıram ki, gələn həftə güclü halda məşqlərə qayıdacaq”.

Norveçli həmkarlarımız “Rusenborq”un veteranlarından olan Stranddan mərhələ keçmək şansları haqda da soruşublar: “Qarabağ”ı keçəcəyimizə indidən söz verə bilmərəm. Ancaq mərhələ keçmək vəzifəsini Bakıda yerinə yetirməyə çalışacağıq. Cavab görüşünə yaxşı hazırlaşacağıq. Hesab edirəm ki, səfərdə yaxşı nəticə qazana bilərik”.

Qeyd edək ki, Strand gələn həftənin çərşənbə günü səhər saatlarında Bakıya yollanacaq.
0