“O, transferimdən pul qazanmaq istəyirdi”
17.07.2009 - 12:51
“O, transferimdən pul qazanmaq istəyirdi”
“Bakı” klubunun gürcüstanlı legioneri Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Komandanız “Ekranas”la oyunda qələbəyə çox yaxın olsa da, son saniyələrdə bu şansı qaçırdı. Hər halda, 2:2 hesablı heç-heçə də mərhələ keçmək şansını yüksəldir...
- Mübarizənin iki oyundan ibarət olduğunu nəzərə alsaq, səfərdəki 2:2 hesabı heç də pis nəticə deyil. Əlbəttə, cavab görüşünün evdə baş tutacağını nəzərə alsaq, mərhələ keçmək şansımız böyükdür. Bununla belə, rəqibi qiymətləndirməmək düzgün deyil. Bakıda da qələbə üçün oynayacağıq. Səfərdə də buna çalışırdıq və yaxşı şansımız vardı. Son saniyələrdə hesabda 2:1 irəlidə olsaq da, qol buraxdığımızdan üstünlüyü əldən verdik.

- Çoxları püşkdən sonra bəxtinizin gətirdiyini, “Ekranas”ın zəif rəqib olduğunu deyirdilər. Bəs oyun nəyi göstərdi?
- Fikrimcə, rəqib kifayət qədər yaxşı komandadır. Onlar bunu sübut etdilər. Çox yaxşı oynadılar, bizə meydanda sərbəst oynamağa imkan vermirdilər. Şansımız ilk növbədə ona görə çoxdur ki, cavab matçını Bakıda keçirəcəyik. Ancaq futbolda hər şey ola bilər. Üstəlik, “Ekranas” kimi rəqibdən hər şey gözləmək olar. Bu səbəbdən də meydana yalnız qələbə üçün çıxacağıq. Məqsədimiz növbəti mərhələyə çıxmaqdır.

- Uzun fasilədən sonra Çempionlar Liqası kimi nüfuzlu turnirdə oynadınız. Təəssüratlarınız necədir?
- Sonuncu dəfə 4 il əvvəl “Neftçi”nin heyətində Çempionlar Liqasında oynamışdım. Ötən il elə bu komanda ilə İntertoto kubokunda çıxış etmişdim və üç mərhələ keçib, UEFA kubokuna düşməyə çox yaxın idik. Çempionlar Liqasının himni çalınanda fərqli hisslər keçirirsən, artıq tam başqa emosiyalar olur.

- “Bakı”da sizi yarımmüdafiənin sağ cinahında görməyə adət etmişik. Ancaq “Ekranas”la görüşdə sol cinah yarımmüdafiəçisi kimi oynadınız. Mövqe dəyişikliyi nə ilə bağlı idi?
- Açığı, bu, mənim üçün də fərqlidir. Yarımmüdafiənin sol cinahında oynamaq daha rahatdır, nəinki sağda. Çünki “Bakı”da çıxış etdiyim müddətdə heç vaxt sağda oynamamışam. İlk vaxtlar bu mövqeyə öyrəşmək çətin idi. Ancaq getdikcə buna uyğunlaşdım. İstənilən halda, solda oynamaq mənim üçün daha yaxşıdır.

- Bu barədə baş məşqçi Qyoko Hacıyevski ilə söhbətiniz olub?
- Mən futbolçuyam. Məşqçi harada desə, orda da oynamalı olacağam.

- Yarımmüdafiənin sağ cinahından soluna çəkilməklə, həmyerliniz Amiran Mucirini ehtiyata göndərdiniz...
- Açığı, bu, məndən asılı deyil. Üstəlik, “Ekranas”la oyun öncəsi təlim-məşq toplanışında keçirdiyimiz bütün yoxlama oyunlarında Muciri yarımmüdafiənin mərkəzində, mən isə sol cinahında çıxış etdim. Baş məşqçi artıq onu mərkəzə çəkib və yəqin ki, Amiran da əsas heyətdə oynayacaq. İstənilən halda, kimin harada oynamasına baş məşqçi qərar verəcək.

- Mövsümlərarası fasilədə edilən transferlərdən sonra “Bakı”nın əvvəlki “Bakı”dan güclü olduğunu demək olar?
- Olar. Komandamız yaxşı futbolçular alıb. Bununla belə, onlara komandaya uyğunlaşmaq üçün vaxt lazımdır. Hər halda, adaptasiya, xətlər arasında əlaqənin güclənməsi üçün yetərli iki həftə müddət deyil. “Ekranas”la görüşdə 4 yeni futbolçumuz oynadı və hamısı da əsas heyətdə meydana çıxdı. Fikrimcə, komandamız getdikcə bundan da daha yaxşı oynayacaq.

- Üçüncü təsnifat mərhələsinə çıxmasanız da, hər halda, bunun baş verəcəyi daha realdır. Artıq bu gün üçüncü mərhələnin püşkatması olacaq...
- Əlbəttə, növbəti mərhələyə çıxsaq, daha çətin olacaq. Bunu yaxşı başa düşürük. “Ekranas”ı keçsək, hazırlaşmağa daha bir həftə vaxtımız olacaq.

- Növbəti mərhələ üçün hansı rəqibi arzulayardınız, hansını yox?
- Düzü, potensial rəqiblərimizin hamısını bilmirəm. Çünki qarşıda hələ cavab oyunumuz var və hazırda bütün diqqətimizi “Ekranas”la görüşə yönəltmişik. Mərhələ keçsək, artıq onda növbəti rəqib haqda düşünəcəyik. Bir də kimlə düşəcəyimiz də bizdən asılı məsələ deyil.

- Potensial rəqiblər arasında “Dinamo” (Xorvatiya) – “Pünik” (Ermənistan) cütünün də qalibi var. Həmin “Pünik” ki dörd il öncə “Neftçi”nin heyətində “Birlik kuboku”nda ona vacib qol vurmuşdunuz...
- Açığı, mənim üçün bütün rəqiblər eynidir. Ancaq Azərbaycanla Ermənistanın münasibətlərini nəzərə alsaq və “Pünik” bizə düşsə, şəxsən mənim üçün də motivasiya iki-üç dəfə böyük olacaq.

- Həmin vaxt “Neftçi”yə yeni keçmişdiniz. Bəs onda ermənilərlə görüşdə motivasiya necə idi?
- Həmin dövrdə Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən məlumatım az idi. Düşünmürdüm ki, problem belə ciddidir. Mən bunu “Pünik”lə oyun öncəsi keçirilən yığıncaqda hiss etdim. Başa düşdüm ki, ermənilərlə görüş çox ciddi əhəmiyyət daşıyır. Hətta onu deyim ki, oyun öncəsi normal da yata bilmirdim, görüşə hazırlaşırdım.

- “Neftçi” “Pünik”i 2:0 hesabı ilə məğlub etdiyi oyunda hesabı siz açdınız. Ermənilərə qol vuranda hansı hisslər keçirdiniz?
- Əlbəttə ki, böyük sevinc hissləri keçirdim. Həmin anlar hələ də gözümün qarşısındadır. Hərdən elə olur ki, qol vuranda elə də çox sevinmirsən. Ancaq “Pünik”lə görüşdə tam fərqli idi. Nəsə başqa hisslər keçirirdim. Bütün azərbaycanlılar məni təbrik edirdilər.

- Bildiyimizə görə, futbolçu karyeranızda ən böyük mükafatı “Pünik” üzərindəki qələbəyə görə almısınız...
- Bəli, bu oyundan sonra kifayət qədər yaxşı mükafat aldıq.

- Məbləği açıqlaya bilərsinizmi?
- Yox, buna görə bütün jurnalistlərdən üzr istəyirəm. Ümumiyyətlə, heç vaxt pul, mükafat haqda danışmıram.

- Bəs “Bakı”nı “Pünik”dən güclü sayırsınızmı?
- Düzünə qalsa, “Pünik”in indi hansı səviyyədə olduğunu bilmirəm. Buna görə də müqayisə apara bilmərəm.

- Mövsümlərarası fasilədə “Xəzər-Lənkəran”a keçəcəyiniz deyilirdi. Sonradan məlum oldu ki, Belçikaya getmisiniz. Bu səbəbdən “Bakı”nın Sloveniyadakı hazırlıq prosesinə gec qoşuldunuz. Bütün bunlara aydınlıq gətirməyinizi istərdik...
- Həqiqətən də Belçikada olmuşdum. Həmin vaxt “Bakı” Sloveniyaya toplanışa yollanmışdı. Klub rəhbərliyindən xahiş etdim ki, bir neçə günlük Belçikaya getməyimə icazə versinlər. Avropaya getmək istəyirdim və sağ olsunlar, onlar da məni başa düşdülər. Onu da dedim ki, geri dönsəm, bu komandaya qayıdacağam. Açığı, Belçikada müqavilə bağlamamışdım. Bu da baş verən bir xoşagəlməz məqamla bağlı oldu.

- Konkret nə ilə?
- Bir agentin hərəkətinə görə geri dönməyə məcbur oldum.

- Sizi aldatmışdı?
- Bəli. Orada üç agent var idi. İkisi ilə razılaşdım, hər şey normal idi. Müqavilə bağlamağa hazırlaşdığımız vaxt məlum oldu ki, mənim transferimdən daha çox qazanmaq istəyir.

- Fırıldaqçılıq edən agent kim idi?
- Həmin fırıldaqçının ad və soyadını çəkmək istəmirəm. Belçikada işləsə də, əslən bu, ölkədən deyil.

- Bəs digər ikisi?
- Onlar bir yerdə işləyirlər. Sadəcə, kim olduğunu demək istəmirəm. İkisi ilə indiyədək ünsiyyət qururam, kifayət qədər yaxşı münasibətlərim var. Amma o birisi hər şeyi korladı.

- Həmin agentin sizin aldatdığını necə xəbər tutdunuz?
- Bu haqda artıq komandanın daxilində olanda öyrəndim. Bunu mənə komandanın ikinci məşqçisi dedi. Sonradan həmin iki agent də bunun belə olduğunu söylədilər.

- Sizin agentiniz kimdir?
- Agentim də onlarla birgə çalışır. Biri ilə təsadüfən tanış oldum. Onlar ötən il “Neftçi”nin İntertoto kubokunda Belçikanın “Jerminal” klubu ilə oyunumuzda olublar.

- Belə çıxır ki, hələ o vaxt sizə göz qoyublarmış...
- Elədir. Həmin vaxt bəyənmişdilər. Bundan sonra hətta qışda da danışıqlar olmuşdu. Belçikada oynamaq variantı var idi. Ancaq nədənsə alınmadı, bunun dəqiq səbəbini bilmirəm. Hətta qol vurduğum “Jeninmal”la oyundan sonra məni saxlamaq istəyirdilər. Amma həmin vaxt “Neftçi” ilə müqaviləm var idi.

- Bu dəfə sizi “Jerminal” istəyirdi, yoxsa?
- Xeyr, “Lokeren” klubu. Variant həqiqətən də ciddi idi. Gəldilər, danışdıq və razılaşdıq. Bir növ hər şey qaydasında idi. Ancaq növbəti gün aydın oldu ki, sən demə, ortada başqa şeylər var və müqavilə bağlamaq alınmır.

- Müqavilənin maddi tərəfi Azərbaycanda çoxmu fərqlənirdi?
- Fərq elə də böyük deyildi. Ancaq hər halda, Avropada oynamaq istəyirdim.

- “Lokeren” sizə neçə illik müqavilə təklif etmişdi?
- Müqavilə üç illik, “2+2”, “2+1” şərti ilə də var idi. Bunu tam dəqiqləşdirməyimiz lazım idi. Ancaq əsas şeylər razılaşdırılmışdı və müqaviləyə imza atmaq qalırdı.

- Artıq “Bakı” ilə müqaviləni uzatmısınız. Bundan sonra Avropada oynamaq variantını real sayırsınızmı?
- Artıq bu haqda düşünmürəm. İndi bütün diqqətimi “Bakı”nı yönəltmişəm və müqaviləni yarım illiyə uzatmışam.

- Bəs “Xəzər-Lənkəran”la danışıqlar niyə baş tutmadı?
- Mən hələ “Bakı” ilə məşq edən zaman “Xəzər-Lənkəran”la əlaqələrim haqda yazmağa başladılar. Birincisi, “Bakı”da məşq edib, “Xəzər-Lənkəran”la müqavilə bağlamaq heç də yaxşı çıxmazdı. İkincisi də mən başqa klubla anlaşdığımı deməmişdim.

- “Məgər lənkəranlılarla danışmamışdınız?
- Yalnız danışıqlar aparırdım. Ancaq sonda dedim ki, “Bakı”da qalacağam.

- Niyə?
- Bunun səbəbləri var idi. Sadəcə, açıqlamaq istəmirəm.

- Sizi Azərbaycana Ağasəlim Mircavadov gətirib. Onun rəhbərliyi altında “Xəzər-Lənkəran”da oynamaq istəmirdiniz?
- Onunla söhbətim olmuşdu. Ancaq bu, yalnız danışıqlardan ibarət idi.
0