Qyoko Hacıyevski: “Levski” ilə artıq bir dəfə qarşılaşmışam və...
17.07.2009 - 15:20
Qyoko Hacıyevski: “Levski” ilə artıq bir dəfə qarşılaşmışam və...
“Püşkün nəticəsi bizim üçün heç də pis olmadı. Üçüncü təsnifat mərhələsinə çıxsaq, “Levski” ilə görüşəcəyimiz şübhə doğurmur. İlk oyunda Andorranın “Sent-Culiya” klubunu böyük hesabla məğlub edən Sofiya təmsilçisi mənə çox yaxşı tanışdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edən “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

ÇL-nin ikinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə səfərdə 2:2 hesablı heç-heçə edən komandamız mərhələ adlamağa yaxındır. “Bakı”nın makedoniyalı çalışdırıcısı püşkün nəticəsindən razı qalıb: “Münasib rəqiblə düşmüşük. Hər halda, nəzərə almaq lazımdır ki, “Levski”dən də güclü komandalar bizə düşə bilərdi. Bu komandanı ona görə yaxşı tanıyıram ki, 1993-cü ildə Bolqarıstanda Sofiyanın MOİK klubunu çalışdırdığım zaman “Levski” ilə görüşmüşdüm. Bu, bir dəfə oldu. Çünki həmin il Makedoniyanın milli komandasının baş məşqçi postuna keçdim. 16 il öncə “Levski” ilə keçirdiyimiz görüş indiyədək yadımdadır. Həmin görüşdə 1:2 hesabı ilə uduzsaq da, çox yaxşı oynamışdıq. Oyunu izləmək üçün stadiona çoxlu azarkeş gəlmişdi. Həmin mövsüm “Levski” çempion, MOİK isə 2-ci oldu”.

Hacıyevski püşkdən razı qalsa da, “Levski” gücünü azaltmır. Əksinə, 54 yaşlı mütəxəssis “Ekranas”ı keçərlərsə, daha çətin sınaqla üzləşəcəklərini bildirib: “Levski” böyük klubdur, güclü rəqibdir. Demək olar həmişə avrokuboklarda çıxış edir, beynəlxalq təcrübəsi böyükdür. Bir müddət öncə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Heyətində çoxlu legionerlər, milli komandanın futbolçuları var. Yadımdadır, “Levski” ilə görüşdüyüm zaman da vəziyyət belə idi. Bolqarıstan 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Həmin vaxt milli komandanın tanınmış bolqar futbolçuları “Levski”nin heyətində bizə qarşı oynayırdılar”.

“Bakı”nın baş məşqçisi ilk növbədə rəqib haqda informasiya toplamağı razı salır: “Çünki özüm orda işləmişəm, müəyyən fasilədən sonra yenidən köməkçim olan bolqar Çudomir Çakarov, habelə futbolçum Aleksandar Tamaş da “Levski”ni yaxşı tanıyır. Tamaş da mənim kimi vaxtilə “Levski”nin üzvü olub. Hesab edirəm ki, rəqib haqda super informasiyalarımız olacaq. “Levski”nin futbolçuları meydanda intizamlı oyun göstərirlər. Klubda təşkilati işlər yüksək səviyyədə qurulub. “Levski” cütün favoriti olsa da, bu komandanı keçmək şansımız var. Ancaq təbii ki, bunun üçün ilk növbədə “Ekranas”ı mübarizədən kənarlaşdırmalıyıq. Hələ ki bütün diqqətimizi litvalılarla cavab görüşünə yönəltmişik”.

Qeyd edək ki, “Bakı” – “Ekranas” oyunu iyulun 21-də keçiriləcək.
0