AFFA-dan növbəti sürpriz: Yığmamız Lənkəranda rəsmi matça çıxacaq!
17.07.2009 - 16:05
AFFA-dan növbəti sürpriz: Yığmamız Lənkəranda rəsmi matça çıxacaq!
AFFA rəhbərliyi daha bir ilkə imza atıb. Belə ki, Azərbaycan milli komandası növbəti rəsmi oyununu Bakıdan kənarda keçirəcək. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Finlandiyanı Lənkəranda qəbul edəcək.

Məqsəd regionlarda futbolun inkişafı və təbliğinin gücləndirilməsidir. Azərbaycan - Finlandiya oyununun Lənkəran şəhər stadionuna təyin olunması ilə bağlı AFFA-nın müraciətinə bu gün beynəlxalq futbol qurumları tərəfindən müsbət cavab verilib. Oyunun başlanma saatı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, milli komandamızın tarixində indiyədək ölkə daxilində bütün rəsmi matçlarını Bakıda keçirib. Yalnız bir seçmə mərhələdə - 1996-cı il Avropa çempionatının təsnifatında yığmamız rəqiblərini Türkiyənin Trabzon şəhərində qəbul etməli olmuşdu. Həmin vaxt beynəlxalq futbol qurumları ölkədəki vəziyyəti qeyri-sabit olmasını əsas gətirərək, ev oyunlarını burada keçirməyə icazə vermirdi.
0