Georgi Nikolov: “Levski” “Bakı”nı 100 faiz məğlub edəcək
17.07.2009 - 17:22
Georgi Nikolov: “Levski” “Bakı”nı 100 faiz məğlub edəcək
“Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın həmyerlilərimlə görüşə biləcəyindən xəbərdaram. “Levski”nin Andorranın “Sent-Culiya” klubunu ilk oyunda 4:0 hesabı ilə məğlub etdiyindən cavab görüşündə sürpriz gözləməyə dəyməz. “Bakı” isə “Levski” ilə görüşmək üçün hələ Litvanın “Ekranas” klubunu mübarizədən kənarlaşdırmalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” komandasının prezidenti Georgi Nikolov deyib.

Nikolov “Levski”ni cütün favoriti saysa da, “Bakı”ya da inamını itirmir: “Komandaya yaxşı fiziki göstəricilərə malik futbolçular cəlb olunub. Onlar “Bakı”nın uğurlu çıxışına öz töhfələrini verə bilərlər. Son illərdə “Levski”nin rəhbərliyində dəyişiklik edilib. Elə komandanın baş məşqçisi Emil Velevlə də şəxsi tanışlığım yoxdur. Onun təcrübəsi az olsa da, təcrübəli futbolçular meydanda öz işlərini görməklə, oyunun axarını dəyişə bilərlər. Onu deyə bilərəm ki, ciddi, güclü rəqib olan “Levski” Sofiyada “Bakı”nı 100 faiz məğlub edəcək. Hər halda, “Bakı”nın da şansları var. Bu cütdə mərhələ keçmək şansı 60-ın 40-a “Levski”nin xeyrinə qiymətləndirirəm”.
0