Georgi Xristov “Bakı”ya qarşı
18.07.2009 - 10:58
Georgi Xristov “Bakı”ya qarşı
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Bakı”nın potensial rəqibi olan Bolqarıstanın “Levski” klubunun 58 titulu var. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisi 26 dəfə ölkə çempionu, bir o qədər ölkə kubokunu qazanıb. 13 dəfə “qızıl dubl” edən “Levski” 4 dəfə Sofiya kuboku, iki dəfə ölkə Superkubokunu qazanıb.

1914-cü ildə yaradılan “Levski” indiyədək Bolqarıstanın yüksək liqasını tərk etməyən yeganə klubdur. Bundan əlavə, “Levski” ölkə daxilindəki rəqibləri ilə şəxsi görüşlərdə müsbət balansa malikdir. Beynəlxalq miqyasda da uğurları olan paytaxt təmsilçisi üç dəfə Kuboklar Kubokunun, iki dəfə UEFA kubokunun ¼ finalında iştirak edib.

“Levski” Bolqarıstan futbolunun tarixində Çempionlar Liqasının qrup mərhələsinə düşən ilk və yeganə klubdur. Düzdür, 2006-cı ildə “Barselona”, “Çelsi” və “Verder” kimi güclü klublarla bir qrupa düşən komanda keçirdiyi oyunların hamısında məğlub oldu. Vasil Levskinin şərəfinə adlandırılan “Levski” ev oyunlarını keçirdiyi “Georgi Asparuxov” stadionu 29980 azarkeş tutumuna malikdir. “Xalq komandası” sayılan komanda əsas geyimi göy, ehtiyat geyimi sarı rəngdədir. Komandanın sahibi rusiyalı biznesmen Mixail Çernovdur.

Todor Batkovun prezidenti olduğu klubu təcrübəsiz mütəxəssis Emil Velev çalışdırır. 47 yaşlı Velevin məşqçilik karyerasında ilk klubu “Levski”dir. Onun sərəncamında milli üzvləri kifayət qədərdir. Belə ki, Bolqarıstanın yığmasına “Levski”dən çoxlu futbolçular cəlb olunur. Bunlar arasında qapıçı Georgi Petkov, müdafiəçilər Jivko Milanov, Elin Topuzakov, Vaqner Lusio, yarımmüdafiəçilər Nikolay Dimitrov, Georgi Şarmov, hücumçu Georgi Xristovu qeyd etmək olar.

“Bakı”da da ötən mövsüm Georgi Xristov adlı hücumçu çıxış etsə də, bu, həmin oyunçu deyil. 24 yaşlı bolqar tanınmış makedoniyalı həmkarından 9 yaş kiçikdir. Xristov Andorranın “Sent-Culiya” klubunu 4:0 hesabı ilə məğlub etdikləri ilk oyunda dubl etməklə, böyük hesablı qələbədə əsas pay sahibi olub. “Levski”dən Mərakeş, Çexiya, Makedoniya, İsrail, Portuqaliya, Braziliya kimi ölkələrdən legionerlər çıxış edir. Hazırda Türkiyənin “Dənizlispor” klubunda çıxış edən 28 yaşlı hücumçu Emil Angelov vaxtilə ölkəmizdə, “Xəzər-Lənkəran”a keçmək variantı olsa, bu, baş tutmadı. Əvəzində onun həmyerlisi, 26 yaşlı müdafiəçi Martin Stankov “Xəzər-Lənkəran”da iki il oynayıb, ölkə çempionatımızın gümüş mükafatını qazanıb.

Qeyd edək ki, Stankov üç il öncə “Xəzər-Lənkəran”ı tərk edən Stankov artıq futbolçu karyerasını bitirib.
0