Ernani Pereyra yenə “Karvan”a qayıdır
18.07.2009 - 12:22
Ernani Pereyra yenə “Karvan”a qayıdır
“Karvan” daha bir futbolçusunu geri qaytarır. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçi Ernani Pereyra “Standard”ı keçmiş komandasına dəyişməyə qərar verib. Mövsüm bitəndən sonra “Karvan”ın gələcək taleyi sual altında olduğundan 31 yaşlı braziliyalı futbolçu özünə komanda axtarırdı. Bu zaman “Standard”la müqavilə bağlayan Ernani Yevlax təmsilçisindən xoş xəbər eşidincə geri qayıtmağa üstünlük verib. Belə olan halda, Pereyra “Standard”la müqaviləsini pozmalıdır.
Ernani ölkəmizdə yalnız “Karvan”da oynayıb. O, türkiyəli mütəxəssis Fuad Yamanın dövründə, 2005-ci ilin yayında komandaya transfer olunub. Braziliyalı artıq neçənci dəfədir “Karvan”dan gedərək, sonradan qayıdır. İki il öncə Türkiyənin aşağı liqasında “Orduspor”un heyətində yer alan braziliyalı tezliklə bu komandadan ayrıldı. Pereyra həmin vaxt “Karvan”a qayıtsa da, bir müddət sonra transferə çıxarıldı. Ancaq ötən yay Ernaninin komandada qalacağı məlum oldu.
Qeyd edək ki, “Karvan” mövsümlərarası fasilədə braziliyalı yarımmüdafiəçi Markos Fereyra, Fil Dişi sahilindən olan hücumçu Yakuba Bambanı geri qaytarıb.
0