“Standard” və “Karvan” klubları arasında qalmaqal yaranıb
20.07.2009 - 17:30
“Standard” və “Karvan” klubları arasında qalmaqal yaranıb
“Standard” rəhbərliyi Ernani Pereyranı heyətinə qatan “Karvan”la bağlı AFFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi “Standard”la müqavilə bağladığı halda, sonradan keçmiş komandasına dönüb.

Ernaninin “Karvan”ın Türkiyədəki hazırlıq prosesinə qoşulması yeni mövsümdən Sumqayıtı təmsil edəcək klub rəhbərliyinin narazılığına səbəb olub. “Standard”ın prezidenti Emin Babayev bu gün mətbuat konfransında bu barədə açıqlama verib. “Karvan”ın düzgün hərəkət etmədiyini bəyan edən Babayev qarşı tərəfə mesaj göndərib: “Bəzi klublar transfer işlərində düzgün hərəkət etmirlər. Bu mənada ilk növbədə “Karvan”ı nəzərdə tuturam. Ernani müqavilə ilə bizim futbolçudur. Onunla bir illik anlaşmamız notariusda qeydiyyatdan keçib və bunu AFFA-ya da təqdim etmişik. “Karvan” isə Pereyranı öz oyunçusu kimi yeni mövsüm üçün sifariş etmək istəyir. Bu, hüquqi cəhətdən qeyri-mümkündür. Mən bilmirəm, “Karvan” Ernaninin güc, hipnoz, yaxud hansı yolla sıralarına qaytarıb. Pereyra “Standard”da oynamaq istəyir. Qoy onu yaxşılıqla buraxsınlar. Elə etməsinlər ki, Pereyra bir il futboldan kənarda qalmağa məcbur olsun. Ernani ilə bağlı müraciət etdiyimiz AFFA bu məsələni araşdırır, “Karvan”la da əlaqə saxlayıb, vəziyyətlə aydınlıq gətirməyə çalışır”.
0