Emin Babayev: Azərbaycanda heç bir məşqçi belə nəticəyə malik deyil
20.07.2009 - 18:20
Emin Babayev: Azərbaycanda heç bir məşqçi belə nəticəyə malik deyil
“Baş məşqçi postuna bir yox, bir neçə namizəd, özü də həm əcnəbi, həm yerli mütəxəssislər olub. Başqa məşqçilərlə danışıqlar aparsaq belə, Valdas İvanauskas həmişə bir nömrəli namizəd olub. O, bunadək bir dəfə Bakıda olmuşdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Sumqayıtın “Standard” klubunun prezidenti Emin Babayev deyib.

Onun sözlərinə görə, yeni baş məşqçi Valdas İvanauskasla bir illik müqavilə imzalasalar da, əməkdaşlıq qısa müddətli nəzərdə tutulmayıb: “Əksinə, onunla uzun müddətli əməkdaşlıq etmək istəyirik və gələcəkdə müqavilənin müddətini uzatmaq fikrimiz var. Bizə məhz İvanauskas kimi böyük təcrübəyə malik, gənclərlə işləməyi bacaran mütəxəssis lazım idi. Onun futbolçu karyerasında hansı klublarda oynaması, uğurlar qazanması göz qabağındadır. İvanauskas məşqçi kimi də böyük uğurlar qazanıb. Şotlandiyanın “Harts” klubuna çempionatın gümüş medalını və ölkə kubokunu qazandırıb. Azərbaycanda heç bir məşqçi belə nəticəyə malik deyil. Biz Avropa komandası yaratmaq istəyirik. İvanauskas da bu işdə böyük təcrübəyə malikdir, tanınmış mütəxəssisdir, Qərbi Avropa futboluna yaxından bələddir”.

İndiyə kimi 3 baş məşqçi dəyişən “Standard” buraxdığı səhvləri təkrarlamamaq, bir mütəxəssislə uzun yolun yolçusu olmağı qarşısına məqsəd qoyub. Babayev yeni baş məşqçidən ilk “altılığ”a düşmələrini istəyir: “Bu, qarşımızda duran minimum vəzifədir. Biz çempionluq, mükafatlar, ölkə kuboku, avrokuboklara düşmək uğrunda da oynaya bilərik. Ancaq reallığı nəzərə alıb, rəqiblərinizin necə güclü heyətə, yüksək maliyyə imkanlarına malik olduğunu görürük. İki ildir yüksək liqada çıxış edən “Standard” kimi gənc komanda üçün ötən mövsüm 7-ci yer heç də pis nəticə deyil. Əslində, 5-ci yeri hədəfə almışdıq və mövsümü bu yerdə də başa vura bilərik. Ancaq bir sıra neqativ, xarici təsirlər, hakim səhvləri, 4 oyun dalbadal məğlubiyyət öz təsirini göstərdi”.

Legioner limitinin tətbiq edilməsinin tərəfdarı olan “Standard”ın prezidentinin sözlərinə görə, tənqiddən nəticə çıxardacaqlar: “Heyətimizdə yerli futbolçuların az olmasına görə çox tənqid olunduq. Bu səhvimizi düzəldəcəyik. Meydana çıxan 11 futbolçunun da yerli olacağına söz verməsəm də, hər halda, heyətimizin heç olmasa 50 faizi özümüzünkülərdən təşkil olunacağını deyə bilərəm. Onu söz verə bilərəm ki, komandamız yeni mövsümdə bundan da yaxşı oynayacaq”.

Babayev baş məşqçi postuna namizəd olan rusiyalı mütəxəssis Andrey Çernışevlə danışıqların baş tutmamağı səbəblərini açıqlayıb: “Bakıya dəvət etdiyimiz bu rusiyalı mütəxəssislə müəyyən amillərə görə razılaşa bilmədik. Biz iki mövsümdən sonra tamam başqa səviyyəyə çıxmaq istəyirik və bunu yerinə yetirə bilən mütəxəssisə ehtiyacımız vardı. Hər halda, istəsəydim, Çernışev qalıb, işləyər, baş məşqçimiz olardı. Görünür, əsas mənim fikrim olub. Mətbuatı, qəzetləri, saytları çox diqqətlə izləyirəm. Ancaq açığı, Çernışevin “Standard” haqda mənfi fikir söyləməsi, bizi qeyri-peşəkarlıqda ittiham etməsi haqda fikirlərə rast gəlməmişəm. Onunla söhbətimizdə Rusiya saytlarına belə açıqlama vermədiyini bildirib. Hər halda, biz onunla xoşluqla ayrıldıq”.
0