"Turan" klubunun 16 sponsoru, 1,5 milyon dollar büdcəsi var?
20.07.2009 - 23:16
"Turan" klubunun 16 sponsoru, 1,5 milyon dollar büdcəsi var?
“Turan” klubunda son günlər ciddi dəyişikliklər baş verir. Apasport.az saytının məlumatına görə, yerli "Simurq" TV-nin təsisçisi, tanınmış iş adamı Musa Süleymanovun prezident seçiləcəyi gözlənilsə də, hələlik bu reallaşmayıb. Milli Məclisin deputatı Nazim Məmmədovun təşəbbüsü ilə bir yerə yığılan tovuzlu iş adamları öz seçimini həftəiçi edəcək. Təsisçilik payı almağa 16 namizəd var ki, onların da arasında Tahir Yusifov yoxdur.

Klubda yeni post yaradılması müzakirə mövzusudur. Söhbət İdarə Heyətinin seçəcəyi baş menecerdən gedir ki, o da faktiki olaraq prezident səlahiyyətlərini yerinə yetirəcək. Prezident ən ali vəzifə sayılsa da, son söz yenə təsisçilərin olacaq. Axı büdcəni də onlar müəyyənləşdirəcək. Bizdəki məlumata görə, klubun büdcəsi 1,5 milyon dollar civarındadır. Yeni məşqçi korpusuna Nizami Sadıqov başçılıq edəcək. Üç il əvvəl Naci Şensoyla yola getmədiyi üçün doğma klubundan uzaq düşən Sadıqov sonrakı fəaliyyətini "Neftçi"də qapıçı məşqçisi kimi davam etdirib. Ötən ilin yayından isə "Qarabağ"dadır. Srağagün Ağdam klubu ilə son məşqinə çıxan Sadıqovun "Turan"a qayıdışı rəsmən bəlli olub. Təqdimat mərasimində onun köməkçilərinin kimliyi də müəyyənləşib. Nizami Ocaqverdiyev, Eldəniz Hüseynov və Eltay Aslanovla yanaşı, 1 il əvvəl komandanın sükanı arxasından ayrılan Sakit Alıyev də bu korpusa daxil edilib.

Son 6 ayda baş məşqçi vəzifəsini yerinə yetirən Rasim Əliyev əvvəlki iş yerinə qayıdıb. O, yenə əvəzedici heyətə cavabdehlik daşıyacaq. Sadıqovun dediyinə görə, "Turan"a qayıtmaq variantı birdən-birə yaranıb: "Mənim "Qarabağ"la müqaviləm var. Norveçdən gələndən sonra Musa müəllim zəng elədi, görüşdük. Söhbətimiz uzun çəkmədi, bir-birimizi başa düşdük. "Turan" mənə çox doğmadır. Uzun illər öz rayonumun komandasının şərəfini qorumuşam. "Turan"dan kənarda qalsam da, klubla həmişə yaxından maraqlanmışam. Yeni sponsorların klubu götürməsinə sevindim. Tovuz futbolu yaşamalıdır. Mənim də istəyim odur ki, komandaya kömək edim. Baş məşqçi olmaq qapıçılarla işləməkdən qat-qat çətindir. Bu məsuliyyətin altına girmək də ağırdır. Komandaya uyğunlaşmaq üçün mənə çox vaxt lazım deyil. Əvvəlcə bir yerdə işlədiyim, tanıdığım insanların hamısı ordadır. Əl-ələ verib, "Turan"ı düşdüyü vəziyyətdən çıxarmalıyıq. Qarşıya qoyulan məqsəd Premyer Liqada qalmaqdan ibarət deyil. Daha yüksək yerlər uğrunda mübarizə aparacağıq".
0