Xodukinin bəyənmədiyi futbolçu “İnter”də
21.07.2009 - 10:30
Xodukinin bəyənmədiyi futbolçu “İnter”də
Bolqarıstanda hazırlıq prosesini davam etdirən Bakının “İnter” klubu baxışa daha iki legioner çağırıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kaxaber Sxadadze bu dəfə bolqar futbolçuları – Gerasim Zakovla Vladislav Zlatinovu sınayır.

Vətənlərində çıxış edən hər iki oyunçu hücumçudur. Plovdivin "Lokomotiv" klubunda oynayan 25 yaşlı Zakov öz ölkəsinin 21 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub. 26 yaşlı Zlatinov isə Sofiya MOİK-inin heyətində ötən il Bolqarıstan kubokunu qazanıb.

Vladislav “İnter”in oyun qurucusu, 28 yaşlı Petar Zlatinovun kiçik qardaşıdır. Vaxtilə sofiyalıların transferə çıxardığı bu futbolçu Petardan əvvəl, ötən ilin qışında “İnter”in düşərgəsinə təşrif buyurub. Ancaq komandanın ukraynalı sabiq baş məşqçisi Valentin Xodukin təlim-məşq toplanışında sınadığı Vladislavı bəyənmədiyi üçün transfer baş tutmamışdı. “İnter”ə düşmək üçün ikinci cəhdi olan kiçik Zlatinova bu dəfə Sxadadze qiymət verəcək. Artıq "İnter"in məşqlərində iştirak edən bolqarlar haqda yoxlama oyunlarından sonra qərar veriləcək.
0