“Ekranas”ın kapitanı: Bakıda həm də isti havaya qarşı mübarizə aparacağıq
21.07.2009 - 10:48
“Ekranas”ın kapitanı: Bakıda həm də isti havaya qarşı mübarizə aparacağıq
“Bakıya gəlişimiz normal oldu. “Bakı” ilə cavab görüşünə ciddi hazırlaşmışıq. Həmişə olduğu kimi, bu dəfə də daha yaxşı oynamağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Litvanın “Ekranas” klubunun kapitanı Deymantas Biçka deyib.

Panevejis təmsilçisinin veteran futbolçusu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Bakı” klubu ilə ilk oyunda özünü ən yaxşı tərəfdən göstərdi. Oyunda hesabı açan yarımmüdafiəçi penalti zərbəsini dəqiq yerinə yetirməklə seneqallı qapıçımız Xalidu Sissoko ilə dueldən qalib ayrıldı. Ancaq evdə 2:2 hesablı heç-heçə Biçkanın komandasını Bakıda mütləq qol vurmağa sövq edir: “Biz qələbə qazanmaq haqda düşünürük. Bu, bizim üçün mümkünsüz deyil. Qələbə haqda düşünməmək Avropa komandasının yüksək səviyyədə olmasının əlaməti deyil”.

“Ekranas”ın kapitanı narahat edən başqa şey var ki, bu da Bakıda indiki hava şəraitidir: “Biz burada təkcə rəqiblə yox, həm də isti ilə mübarizə aparmalı olacağıq. Bakıda çox istidir. Ola bilsin ki, bu gün axşam saatlarında, oyun zamanı sərin olsun. Ancaq indi belə hava heç də yaxşı deyil. Görünür, “Bakı”nın futbolçuları belə istiyə öyrəşiblər. Burada sözün əsl mənasında çox istidir və bu, rəqibə üstünlük verir. Ancaq digər tərəfdən. Ötən istirahət günlərdi elə Litvada da hava belə idi”.

Qeyd edək ki, “Bakı” – “Ekranas” oyunu bu gün saat 20:00-da başlayacaq.
0