“Levski” klubunun məşqçisi Bakıya gəlib
21.07.2009 - 14:51
“Levski” klubunun məşqçisi Bakıya gəlib
Bolqarıstanın “Levski” klubu “casusu”nu Bakıya göndərib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqəni demək olar ki təmin edən Sofiya təmsilçisinin rəqibi bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Ekranas” (Litva) görüşündə müəyyənləşəcək.

ÇL-nin ikinci təsnifat mərhələsi çərçivəsində “Sent-Culiya” klubu (4:0) ilə cavab görüşü üçün Andorraya yollanan “Levski”nin baş məşqçisi Emil Velev köməkçilərindən Antoni Zdravkovu özü ilə birgə aparmayıb. O, bu mütəxəssisi yenidən casus kimi seçərək, ölkəmizə göndərib. Zdravkov “Bakı” ilə “Ekranas” arasında cavab görüşü Respublika stadionunda izləyib, lazımı qeydlər aparacaq: “Məni Bakıdakı isti hava narahat etmir. Mənə tapşırılan işi görmək çox vacibdir. Bakıdakı oyunun videoyazısını elə ilk yığıncaqda müzakirə edəcəyik”.

Qeyd edək ki, “Ekranas” ilə “Bakı” arasında Litvanın Panevejis şəhərində keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.
0