“Kocaelispor” rəhbərliyi Rəşad Sadıqovun transferini yekunlaşdırır
22.07.2009 - 12:22
“Kocaelispor” rəhbərliyi Rəşad Sadıqovun transferini yekunlaşdırır
“Kocaelispor” rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun transferini yekunlaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin prezidenti Sərhan Gürkan “Sivasspor” klubundan aldıqları 21 yaşlı yarımmüdafiəçi Tevfik Altındağdan sonra Rəşadın da məsələsini tezliklə həll etmək istəyir.

Komandanın məşqçilər korpusunun israrla istədiyi Rəşadla qarşıdakı günlərdə görüş nəzərdə tutulub. Avroliqanın ikinci təsnifat mərhələsində Norveçin “Rusenborq” klubu ilə oyunlarda “Qarabağ”a yardımçı olan 27 yaşlı müdafiəçi bundan sonra “Kocaelispor”la münasibətləri rəsmiləşdirəcək. Sadıqovun məsələsinə komandanın yeni baş məşqçisi Cihat Arslan da münasibətini bildirib: “Transfer çalışmalarımız davam edir. Yarımmüdafiənin sağ cinahı üçün “Sivasspor”dan Tevfik Altındağla anlaşdıq. Sol cinah üçün Belçikadan Osman Köşeyi gətirdik. Müdafiə üçün də Rəşad Sadıqovla yenidən anlaşmaq istəyirik”.

Qeyd edək ki, ötən qış “Neftçi”dən “Kocaelispor”a keçən Sadıqov Superliqada bu komandanın əsas heyət oyunçusu oldu. Superliqada yerini qoruya bilməyən İzmit təmsilçisi yeni mövsümdə Bank Asiya birinci liqasında mübarizə aparacaq. Rəşadla birgə “Kocaelispor”a keçən Ramal Hüseynov mövsüm bitəndən sonra geri qayıdaraq, üç illik müqavilə imzalayıb.
0