Tarixə qovuşan oyun: “Bakı” birdən-birə 2 rekord vurdu
22.07.2009 - 13:06
Tarixə qovuşan oyun: “Bakı” birdən-birə 2 rekord vurdu
Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsi çərçivəsində “Bakı” və “Ekranas” (Litva) arasındakı Bakıdakı cavab görüşü Azərbaycan futbolunun tarixinə düşdü. Apasport.az saytının hesablamalarına görə, bu, klublarımızın 16 illik avrokuboklar tarixində evdə ən məhsuldar oyunu oldu. Amma söhbət təkcə Tofiq Bəhramov adına Respublika stadionunda yox, ümumiyyətlə, öz meydanımızda keçirilən görüşlərdən gedir.

“Bakı” “Ekranas”ı 4:2 hesabı ilə məğlub etdiyi oyunda azarkeşlər 6 qol gördü. Buna qədər evdə ən çox 5 qol vurulmuşdu ki, bu 1 dəfə “Neftçi”nin, 3 dəfə “Şəmkir”in görüşlərində olub. Şəmkirin eyniadlı komandasının həmin ev oyunlarında bir qayda olaraq, 4:1 hesabı qeydə alınıb. Bunların birində qalib gələn “Şəmkir” digər ikisində eyni hesabla uduzub. Ən məhsuldar ev oyunlarının yalnız biri Şəmkirdə, qalanları isə Bakıda Respublika stadionunda olub.

“Bakı” “Ekranas”a 2 oyunda 6 qol vurdu ki, bu da yeni rekorddur. Buna qədər yalnız 1 dəfə rəqib qapısına 5 top vurmuşuq ki, bu da “Şəmkir”in “Skonto” ilə Bakıdakı tarixi oyununa təsadüf edib. Ona görə tarixi oyun ki, klublarımız ilk dəfə ÇL-də həmin vaxt mərhələ adlayıblar. “Bakı” isə “Ekranas”ı keçməklə, daha bir tarix yazdı. Belə ki, klublarımız indiyədək ÇL-də üçüncü təsnifat mərhələsinə çıxmamışdı.

Azərbaycan və Litva çempionları arasında görüşlər, ümumiyyətlə, məhsuldarlığı ilə seçildi. Təsadüfi deyil ki, 2 oyunda qapılara nə az, nə çox – düz 10 qol vuruldu. Klublarımızın avrokuboklar tarixində iki oyuna görə ən çox qol “Xəzri” ilə Polşanın “Qutnik” klubları arasında görüşlərdə vurulub. Komandamızı evdə 9:0 hesabı ilə məğlub edən polşalılar Respublika stadionunda heç-heçə edib – 2:2. Göründüyü kimi, 13 il öncə keçirilən həmin mübarizədə azarkeşlər ümumilikdə 13 qolun şahidi olub.

Buna qədər 2 oyuna 10 qol vurulub ki, bu, “Kəpəz”, “Neftçi” və “Qarabağ”ın görüşlərində müşahidə edilib.


Klublarımızın avrokuboklarda ən məhsuldar ev oyunları

1999/00 mövsümü
UEFA kuboku, ilk təsnifat mərhələsi

12 avqust 1999-cu il. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. “Neftçi” (Azərbaycan) – “Srvena Zvezda” (Yuqoslaviya) – 2:3

2000/01 mövsümü
Çempionlar Liqası, ilk təsnifat mərhələsi

19 iyul 2000-ci il. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Şəmkir” (Azərbaycan) – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

Çempionlar Liqası, ikinci təsnifat mərhələsi
2 avqust 2000-ci il. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Şəmkir” (Azərbaycan) – “Slaviya” (Çexiya) – 1:4

UEFA kuboku, ilk təsnifat mərhələsi
29 iyul 2004-cü il. Şəmkir. Şəhər stadionu.
“Şəmkir” (Azərbaycan) – “Tbilisi” (Gürcüstan) – 1:4
0