Stiven Cerrard sərxoş olub, dava saldı
22.07.2009 - 14:41
Stiven Cerrard sərxoş olub, dava saldı
İngiltərə yığmasının və “Liverpul”un futbolçusu Stiven Cerrard ictimai asayişi pozmaqda günahlandırılır. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi barda “CD player”in nəzarətçisi Markus Makqini döyməkdə ittiham olunur.

Hadisə ötən il dekabrın 28-də baş verib. Premyer Liqanın XX turu çərçivəsində səfərdə “Nyukasl” üzərində 5:1 hesablı qələbənin ardından dubla imza atmış Cerrard dostları ilə birgə bara gedib. Əvvəlcə sakit nəzərə çarpan “Livepul”un kapitanı alkoqollu içki qəbul etdikdən sonra qızışıb. Barda səslənən musiqi onun xoşuna gəlməyib. Buna görə də Stiven “CD player”in nəzarətçisi Markus Makqinidən musiqini dəyişdirməyi tələb edib. Amma Makqini futbolçunun sözlərinə məhəl qoymayıb.

Belə olan halda, Cerrardın dostları nəzarətçinin üstünə hücum çəkiblər. Futbolçu özü də dava-dalaşa qoşulub və Makqiniyə güclü zərbələr endirib. Bir neçə dəqiqədən sonra Stiveni sakitləşdirmək mümkün olub.

Bütün hadisə barın kameraları tərəfindən lentə alınıb. Cerarrdın hər 5 dostu günahlarını etiraf etsə də, videoçəkilişdən xəbərsiz olan “Liverpul”un oyunçusu davada iştirak etmədiyini söyləyirdi. Videogörüntülərdən sonra onun günahını boynuna alıb-almayacağı maraq doğurur.
0