“Neftçi” rəhbərliyində kadr dəyişikliyi!?
22.07.2009 - 17:40
“Neftçi” rəhbərliyində kadr dəyişikliyi!?
“Neftçi” futbol klubunun prezidenti, eyni zamanda “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru Əkbər Hacıyevə yeni vəzifə tapşırılıb. Apasport.az saytının məlumatına görə, Hacıyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinə (keçmiş “Azəriqaz” QSC) baş direktor təyin olunub.

Bununla bağlı ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün əmr imzalayıb. Artıq Əkbər Hacıyevin zavoddakı xələfi də müəyyənləşib. Belə ki, “Azərneftyağ” Neft Emalı Zavodunun direktor müavini Rövşən Həsənov bu zavodun direktoru təyin edilib.

“Azərneftyağ” Neft Emalı Zavodunun rəhbərliyindəki dəyişikliklər “Neftçi”də kadr islahatlarına səbəb ola bilər. Çünki flaqmanın sponsoru olan zavodun direktoru dəyişdiyindən, avtomatik olaraq, klubun prezidenti də dəyişməlidir. Başqa sözlə, Əkbər Hacıyev “Neftçi”nin prezidenti kürsüsünü Rövşən Həsənova təhvil verməlidir.

Başqa bir variantı isə sponsoru dəyişdirməklə, həyata keçirmək olar. Yəni, “Azəriqaz” İstehsalat Birliyi “Neftçi”nin yeni sponsoruna çevriləcəyi təqdirdə, Əkbər Hacıyev klub prezidenti kimi fəaliyyətini davam etdirəcək. Bu variantlardan hansının keçərli olduğu hələlik bilinmir.
0