“Ciddi oyunlarda yaşımı unuduram”
22.07.2009 - 23:00
“Ciddi oyunlarda yaşımı unuduram”
“Bakı” klubunun gürcüstanlı yarımmüdafiəçisi Amiran Mucirinin apasport.az saytına müsahibəsi

- Çempionlar Liqasında Litvanın “Ekranas” klubu ilə cavab görüşünün qəhrəmanlarından oldunuz. Üçüncü təsnifat mərhələsinə çıxmaqla, Azərbaycan futbolunda tarix yazdınız...
- Biz növbəti mərhələyə çıxmağa layiq olduğumuzu öz oyunumuzla sübut etdik. Belə bir oyundan sonra əhval-ruhiyyəmiz necə ola bilər? Əlbəttə ki, əla. Vacib qələbə qazandıq və hər şey qaydasındadır.

- Üstəlik, “Ekranas”ın qapısına yol da tapdınız. Bu, “Bakı”nın heyətində avrokuboklarda ikinci qolunuzdur. İki il öncə İntertoto kubokunda Moldovanın “Daçiya” klubunun da qapısına yol tapmışdınız...
- Elədir. Bu qol da yadımdadır. Həmin görüşdə yaxşı oynamışdıq. Mən adətən yaxşı oyunlarda qol vururam. Batuminin “Dinamo” klubunun heyətində də avrokuboklarda fərqlənmişdim.

- Belə çıxır ki, avrokuboklarda qol vurmaq işi sizdə yaxşı alınır?
- Hə, göz dəyməsin (gülür). Bilirsiniz, yaxşı komandalarla oyunlar həmişə yaxşı alınır. Hər bir məsul oyuna çıxanda meydanda bütün gücümü qoyub, yalnız qələbə haqda düşünürəm.

- Yarımmüdafiəçi olsanız da, bombardirlik keyfiyyətlərini hələ Azərbaycan çempionatında da göstərmişdiniz. Ötən mövsüm bombardirlər yarışında liderlər arasında yer aldınız. Yəqin ki, avrokuboklarda və Azərbaycan çempionatında qol vuranda fərqli hisslər keçirirsiniz?
- Əlbəttə, bunda fərq var. Şəxsən məni vurduğum istənilən qol sevindirir. Fikrimcə, qol vurmaq, rəqibə təhlükə yaratmaq həmişə çətindir. Bu, futbolda əsas amillərdəndir.

- Ancaq komandanıza Feliks Felipe Almeyda kimi yaxşı fiziki göstəricilərə malik hücumçu gələndə sonra sizə rəqib qapısına yol tapmaq çətin olacaq....
- Qoy nə qədər istəyirsə vursun. Əsas komandamızın uğurlu çıxışıdır. Feliks də qol vursun, mən də, başqası da. Əksinə, komandada qol vuran hücumçu varsa, meydanda oynamaq asan olur.

- Artıq 34-35 yaşınız var və “Bakı”nın heyətində futbolçular çoxaldıqdan sonra heyətə düşməyiniz çətin olacaq. Bu, rəqabətə tap gətirə biləcəksinizmi?
- Açığı, hansı yaşda olduğumu yada salmıram. Mənim üçün əsas bu yox, hansı formada olmağımdır. Məni indiki vaxtda komandaya necə fayda verə biləcəyim düşündürür. Futbolda belə olur ki, gənclər veteranlar kimi oynaya bilmir, yaxud əksinə. Mənim üçün yaş ikinci dərəcəlidir. Üstəlik, Avropada oynayanda ikiqat motivasiya ilə çıxış edirəm. Belə ciddi görüşlərdə neçə yaşımın olduğunu unuduram (gülür).

- Bəs tez-tez mövqe dəyişikliyi, gah yarımmüdafiənin ortasında, gah da sol cinahına çəkilməyiniz sizdə narahatlıq yaratmır ki?
- Bu baş məşqçidən asılıdır. O, məni qapıya qoysa, orada da oynayacağam. Əvvəllər yarımmüdafiənin solunda oynayırdım, sonra mərkəzə çəkdilər. “Bakı”ya gələndə də bu mövqedə qərarlaşmışdım. Qyoko Hacıyevski gələndən sonra yenidən yarımmüdafiənin sol cinahında yer aldım. Hesab edirəm ki, müasir futbolda həm yarımmüdafiənin mərkəzində, həm də solunda oynamaq çətindir.

- Sizcə, “Bakı” mövsümlərarası fasilədə çoxmu güclənib?
- Yaxşı olardı ki, buna mütəxəssislər qiymət versin. İndi Bolqarıstanın “Levski” klubu ilə oyun haqda düşünürəm. Fikrimcə, belə bir ciddi rəqiblə görüşdə komandamızın səviyyəsi görünəcək. Bu zaman nəyə qadir olduğumuz tam aydın olacaq.

- Vaxtilə Bolqarıstanda, Sofiya MOİK-inin formasını geyindiyinizdən, çox yaxşı tanış olduğunuz komandaya qarşı oynayacaqsınız...
- Mən Sofiya klubunda çıxış edəndə Bolqarıstan çempionu olduq. “Levski” ilə oyunların birində 1:0 hesabı ilə qələbə qazandıq, birində 1:1 hesablı-heçə etdik. Yadımdadır, məhsuldar ötürmə vermişdim. Ancaq həmin vaxt mövsümü “qızıl dubl”la başa vura bilmədik. Çünki finalda uduzduq.

- Bolqarıstanda oynadığınız dövrdə “Levski”yə qol vura bilmisiniz?
- Bəli. Ancaq bu MOİK yox, “Marek” klubunda oynadığım zamanı olub. Düzdür, həmin görüşdə “Levski”yə səhv etmirəmsə 2:3 hesabı ilə yenildik.

- Güclü müdafiə xəttinə malik “Levski”yə qol vurmaq nə dərəcədə çətindir?
- Yalnız məhəllə komandasına qol vurmaq asandır. Sözsüz ki, “Levski”yə qol vurmaq çətindir. Ancaq biz öz oyunumuzu, səviyyəmizi göstərə bilsək, hərəkət, sürət olsa, onda rəqib qapısına yol tapmaq elə də çətin olmayacaq. Fərqi yoxdur, “Levski”, yaxud başqa komanda ilə görüşürük, meydana qələbə qazanmaq üçün çıxmaq lazımdır. Üstəlik, ilk oyunu evdə keçiririk və deməli, bütün gücünlə oynamalıyıq.

- “Levski” daha çox hansı cəhətdən yadınızda qalıb? Bu komandanın oyununda hansı güclü və zəif cəhətləri qeyd edə bilərsiniz?
- “Levski” tam mobil komandadır. Həm yaxşı müdafiə oluna, həm də rəqib qapısına ciddi təhlükə yarada bilir. Oyunda ötürmələrə üstünlük verir. Bolqarıstanın ən köklü klublarından biridir. Birinci və sonuncu dəfə deyil ki, Avropada oynayır. Fikrimcə, yaxşı komandadır, ciddi rəqibdir. İndiki “Levski” ilə o vaxtkı “Levski”ni müqayisə etmirəm. Həmin dövrdə bu komandada daha yüksək səviyyəli futbolçular çıxış edirdi, milli üzvlərinin sayı çox idi. Açığı, “Levski”nin oyununu çoxdandır görməmişəm və buna görə də hansı komandanın güclü olduğuna qiymət verə bilmərəm. Mən oynadığım vaxta “Levski” güclü komanda idi və həmişə ona qarşı oynamaq çətin idi.

- Hər halda, hər bir komanda kimi “Levski”nin də zəif cəhətləri var...
- Əlbəttə. Əgər meydanda sakit öz oyunumuzu oynasaq, çoxlu kəsərli hücum etsək, elə də çətin olmayacaq. Vaxtı çatanda da qolumuzu vura bilərik. Bunun belə olacağını indidən dəqiq deyə bilmərəm. Ümumiyyətlə, proqnoz vermək istəmirəm. Hər şeyə gələn həftə oyun günü aydınlıq gələcək. Biz “Levski” ilə oyuna bacardığımız qədər yaxşı hazırlaşırıq. Qalanı Allahın işidir.

- Çoxları “Levski”ni favorit sayır, bu komandanın şanslarını yüksək qiymətləndirir. Siz bu haqda nə düşürsünüz?
- Hesab edirəm ki, Bakıdakı oyunda şanslar bərabərdir.

- Bəs Sofiyada?
- O baxır Sofiyaya hansı nəticə ilə yollanacağıq. Əgər ev oyununda münasib nəticə qazansaq, orada ikiqat güclə oynayacağıq. Bu zaman Sofiyadakı görüş daha maraqlı olacaq. Allah eləməsin, Bakıda istədiyimizə nail olmasaq, səfərdə bizə çətin olacaq. “Levski” həmişə yaxşı oynayıb. Stadionları tam dolur və güclü azarkeş dəstəyinə malik olurlar. Onlar sonadək sevimli komandalarını dəstəkləyirlər.
0