Andrey Çernışev: "Standard"ı mənə başqa cür təqdim etmişdilər
22.07.2009 - 23:49
Andrey Çernışev: "Standard"ı mənə başqa cür təqdim etmişdilər
“Azərbaycana gəlmək mənim səhvim idi. Ümumiyyətlə, işimi ehtiyatlı tutan adamam. "Standard"ı mənə başqa cür təqdim etmişdilər. Səhvim odur ki, hər deyilən sözə inandım". Bu sözləri apasport.az saytına rusiyalı məşqçi Andrey Çernışev deyib.

Bir müddət əvvəl ölkəmizə gələn və Sumqayıtın “Standard” klubu ilə anlaşa bilməyən Çernışev buna səbəb kimi maliyyə məsələlərini göstərib. O, rəhbərliklə arasında fikir ayrılığının yaranacağını gözləməyib. Klub barədə məlumatları məhdud olan çalışdırıcı prezident Emin Babayevlə cəmi 1 dəfə görüşüb. Komandanın başçısı ilə söhbətdə qarşıda duran məsələləri müzakirə edən gənc çalışdırıcı fəaliyyətini ölkəmizdə davam etdirməyə maraqlı olsa da, hadisələr birdən-birə 180 dərəcə dəyişib: "Prezidenti Azərbaycana gəldiyim günün ertəsi gördüm. Babayev gözəl futbol sərgiləyən, sonadək mübarizə aparan kollektiv qurulmasını istəyirdi. Mən buna hazır idim. Çünki işlədiyim komandalarda belə oyun üslubuna həmişə xüsusi fikir vermişəm. "Standard"ın Sumqayıta köçməsindən xəbərdar idim. Çempionatın səviyyəsi və digər klublar barədə bilgi toplayırdım ki, görüm, nə edə bilərik. 3-4 gündə komanda ilə tanışlığa başladım. Heç rəsmi müqavilə bağlamağa da vaxt olmadı. Hazırlığa gec başladığımız üçün vaxt itirməməli idik. Hələ bütün futbolçular gəlib çıxmasa da, ayrı-ayrılıqda nəyə qadir olmalarını bilmək mənə lazım idi. Komandada dəyişikliklər etməyə hazırlaşırdım. Rəhbərliyə də demişdim ki, mütləq 5-6 nəfər yeni oyunçu gəlməlidir. "Standard"ın ötən mövsüm göstərdiyi oyun və qazandığı nəticələrlə tanış olmuşdum. Özümlə yalnız Maksim Olerxovu gətirmişdim. O, fiziki hazırlıq üzrə mütəxəssisdir, son iş yeri Belarusun "Vitebsk" klubu olub. Babayev ikinci dəfə bizi qəbul etmədiyi üçün Moskvaya bileti aldıq. Maddi cəhətdən əvvəlcə hər şeyin yaxşı olacağını demişdilər, sonra gəldilər ki, bizim o qədər imkanımız yoxdur".

"Sizi kluba Kaxaber Sxadadze məsləhət görmüşdü" sualına isə Çernışev belə cavab verib: “Mən onu futbol oynadığı vaxtlardan tanıyıram, amma belə danışığımız olmayıb. Fəaliyyətimi davam etdirib, bir müddət sonra ayrılsaydım, o daha pis olardı. Yaxşı ki, hər şey başlamamış qurtardı. Eşitmişəm ki, yerimə Valdas İvanauskası gətiriblər. Onun yalnız futbolçu keçmişindən xəbərdaram. Hansı şərtlərlə "Standard"la müqavilə bağlamasından məlumatsızam. Yəqin ki, mən də işsiz qalmaram. Rusiyadan bu tezliklə kənara çıxacağımı gözləmirəm. Bəzi yeni təkliflər almışam. Azərbaycanın yaxşı maliyyə imkanı və şəraiti olan klublarından birində işləyərəm".
0