Nizami Sadıqov: “Turan” klubuna əcnəbi məşqçi gəlir - MÜSAHİBƏ
23.07.2009 - 11:23
Nizami Sadıqov: “Turan” klubuna əcnəbi məşqçi gəlir - MÜSAHİBƏ
Nəhayət, uzun fasilədən sonra “Turan”ın Premyer Liqada çıxış edəcəyi sözdə deyil, əməldə də təsdiqini tapdı. Bir neçə futbolçu ilə ortaq məxrəcə gələn Qərb təmsilçisi 3 gün əvvəl baş məşqçi problemini də həll etdi. Əvvəlcədən də xəbər verdiyimiz kimi, “Turan”ı yeni mövsümə Nizami Sadıqov hazırlayacaq. Uzun müddət adıçəkilən klubun qapıçısı olmuş Sadıqov məşqçilik fəaliyyətinə də Tovuz təmsilçisində başlayıb. Bir müddət baş məşqçi işlədikdən sonra 2004-05-ci illər mövsümündə Naci Şensoyun köməkçisi olub. Növbəti mövsüm “Neftçi”yə keçən veteran qolkiper 2008-ci ildən “Qarabağ”da çalışırdı. O, ötən həftədən etibarən “Turan”dadır. Həm təyinatı, həm də görəcəyi işlər barədə müsahibədə tanış ola biləcəksiniz.

- Sizi təbrik edirik. Təyinatınız barədə nə deyə bilərsiniz?
- Çox sağ olun. Sözün düzü, bu təyinatı gözləmirdim. Çünki “Qarabağ”da işləyirdim. Adətən işləyən məşqçiyə təklif göndərmirlər. Əlbəttə, bir az fikirləşmək üçün vaxt istədim. Yekun isə göz qabağındadır. “Turan” mənim üçün doğmadır. Karyeramın böyük hissəsini bu komandanın heyətində keçirmişəm. Elə məşqçi kimi də ilk fəaliyyətimə bu klubda başlamışam. Bir sözlə, bu məqamda “Turan”dan köməyimi əsirgəyə bilməzdim.

- Siz daim qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərmisiniz. İndi isə baş məşqçi funksiyasını yerinə yetirəcəksiniz. Çətin olmayacaq ki?
- Niyə ki? Karyeramı başa vurduqdan sonra 4 il “Turan”ın baş məşqçisi olmuşam. Növbəti 4 ildə isə müvafiq olaraq “Turan”, “Neftçi” və “Qarabağ”da qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərmişəm. İndi köhnə-yeni komandama baş məşqçi kimi geri dönmüşəm. İnşallah, bundan sonra daha 4 il klubda baş məşqçi funksiyasını yerinə yetirərəm (gülür). Hansı məsuliyyətin altına girdiyimi bilirəm.

- Köməkçiləriniz kimlər olacaq?
- Hələ dəqiqləşməyib. Ancaq əksəriyyəti yerli məşqçilər olacaq. Böyük ehtimalla, klubda məşqçilər korpusu fəaliyyət göstərəcək. Ola bilsin, köməkçilərimdən biri əcnəbi olsun. Planımıza komandaya fiziki hazırlıq üzrə mütəxəssis dəvət etmək daxildir. Hələlik həmin mütəxəssisin adı konkretləşməyib. Çünki axtarışlarımızı davam etdiririk.

- Hazırlıq planı barədə nə deyə bilərsiniz?
- Məşqləri Tovuzda davam etdiririk. Komanda gündə 2 dəfə olmaqla məşq edir. Əsas məqsədimiz futbolçuların fiziki hazırlığını lazımi səviyyəyə qaldırmaqdır. Daha sonra taktiki-texniki təmrinlər üzərində işləyəcəyik. İyulun sonlarında isə yoldaşlıq oyunlarına başlayacağıq. Yəqin ki, bu mərhələni paytaxtda reallaşdıracağıq. Yoldaşlıq oyunları keçirilən zaman komandanı tam komplektləşdirməyə çalışacağıq.

- Necə düşünürsünüz, qısa vaxt ərzində komandanı komplektləşdirə biləcəksinizmi?
- Bu sahədə işlər gedir. Hazırda klubun düşərgəsində baxışa gələnlər də var, müqavilə imzalamağı düşündüyümüz oyunçular da. Məncə, futbolçu baxımından problemlə üzləşməyəcəyik. Əsas məni narahat edən oyunçuların fiziki hazırlığını lazım olan səviyyəyə yüksəltməkdir. Vaxt azdır. Gələn ayın ortalarında Premyer Liqaya start veriləcək. Komandada isə görüləsi işlər çoxdur.

- Baxışda olan futbolçuların hazırlıq durumu sizi qane edirmi?
- Seleksiya işlərimiz hələ yekunlaşmayıb. İndi məşqlərdə 2 moldovalı və bir braziliyalı futbolçu iştirak edir. Türkiyədən, eləcə də MDB ölkələrindən bir neçə oyunçu gələcək. 2-3 gündür komandada olduğum üçün indidən onlar haqqında qəti fikir yürütmək tezdir. Həmin futbolçuların nəyə qadir olduqlarını yoldaşlıq oyunlarında görəcəyik.

- Qapıçı əsas problem olaraq qalır. Bu mövqeyi kiminlə gücləndirmək istəyirsiniz?
- Yaxın günlərdə komandaya daha 2 qapıçı gələcək. Onlardan biri yerli, digəri isə əcnəbi olacaq. Elnar Kərimov da komandanın düşərgəsindədir. Namizədlərimiz var. Ancaq münasibətlərimiz rəsmiləşmədiyindən nəsə deyə bilmərəm.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Bildiyiniz kimi, yeni mövsüm fərqli sistemlə keçiriləcək. Əlbəttə, “6-lığ”a düşmək üçün “vuruşacağıq”. Yəni mövsümə başlamazdan əvvəl hər bir klubun qarşısına hansısa məqsəd qoyulur. Bizim də vəzifəmiz ən güclü 6 komandadan biri olmaqdır. “Turan”ın əvvəlki şöhrətini özünə qaytarmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Tovuzun öz futbol ənənələri var. İlk milli çempionatdan bu günədək bütün yarışlarda çıxış edən “Turan” daim güclü rəqiblərdən biri olub. Ən zəif vaxtlarında belə, iddialı klublar bizimlə qarşılaşmaqdan çəkiniblər. Bu dəfə Premyer Liqada qalmaq uğrunda deyil, “6-lıq”a düşmək üçün oynayacağıq. İnşallah, işlər istədiyimiz kimi gedər. Məqsədə nail olmaq üçün əl-ələ verib çalışırıq.

- Məqsəd aydındır. Bəs futbolçuların hazırlıq durumu buna imkan verəcəkmi?
- Vəziyyət düşünüldüyü qədər də acınacaqlı deyil. Futbolçuların əksəriyyətinin hazırlığı normaldır. Ümumiyyətlə, komandanın, demək olar, 50-60 faizi hazır vəziyyətdədir. Hələ vaxtımız var. İşlər çox olsa da, bunun öhdəsindən gələcəyimizə inanıram.

- Ötən mövsüm klubda problemlər kifayət qədər idi. Hətta normal məşq keçmək üçün komandada top da çatışmırdı. Bəs indi vəziyyət necədir?
- Heç bir problem yoxdur. Sponsorlar komandanın hazırlıq keçməsi üçün normal şərait yaradıblar. Yaranan problemlər dərhal həll edilir. Bazada da vəziyyət yaxşıdır. Futbolçuların qalması, eləcə də qidalanması üçün hər cür şərait var. Uşaqların da əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Azarkeşlər də bizi tək buraxmırlar. Demək olar, bütün məşqlərimizi izləyir, bizə hər cür dəstək verirlər. Rayon rəhbərliyi də komanda ilə yaxından maraqlanır. Bir sözlə, hamı güclü, döyüşkən “Turan” üçün darıxıb.

- Sonuncu sualım “Qarabağ”la bağlı olacaq. Keçmiş komandanız Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün “Rusenborq”la cavab matçına çıxacaq. İlk oyunu izləmisiniz. “Qarabağ”ın şansları barədə nə deyə bilərsiniz?
- Çətin keçəcəyini deyə bilərəm. Ancaq “Qarabağ”ın bu şansı əldən verəcəyinə inanmıram. Bu oyunda azarkeşlərin də üzərinə böyük iş düşür. Onlar stadiona gəlməli və nəticədən asılı olmayaraq, komandamızı sona qədər dəstəkləməlidirlər. “Qarabağ”ın oyununu tribunadan izləyənlərdən biri də mən olacağam. Bu qarşılaşmada təmsilçimizə uğurlar arzulayıram. İnşallah, 90 dəqiqə başa çatdıqdan sonra stadionu gülə-gülə tərk edərik.

Mənbə: “Futbol dünyası” qəzeti
0