UEFA “Ekranas”ı cəzalandırmayacaq?
23.07.2009 - 12:39
UEFA “Ekranas”ı cəzalandırmayacaq?
“Son çempionumuz “Ekranas” ciddi ziyana düşə bilər. Belə vəziyyətə cərimə minimum 20 min avrodur”. Apasport.az saytının məlumatına görə, bunu Litva Futbol Federasiyasının prezidenti Lyutoras Varanaviçyus deyib.

Litva və Azərbaycan çempionları arasında iyulun 14-də Panevejis şəhərində keçirilən görüşdə (2:2) yerli azarkeşlər seneqallı qapıçı Xalidu Sissoko və braziliyalı hücumçu Feliks Felipe Almeydanın ünvanına irqçilik şüarları səsləndirib. Nəticədə isveçrəli baş hakim oyunu qısa müddət dayandırmalı oldu. Hər halda, litvalı azarkeşlər bir neçə dəfə “Bakı”nın futbolçuların ünvanına təhqiredici sözlər qışqırmışdılar. Feliks hesabı bərabərləşdirəndən sonra həmin azarkeşlərə tərəf qaçaraq Sissoko ilə birgə etdiyi rəqslə onların cavabını verdi. Baş verənlərə görə məyus olan federasiya prezidenti UEFA-dan cavab gözləyir: “Mən bilmirəm, UEFA-nın nümayəndəsi bunu necə qiymətləndirəcək. Vəziyyət təhlükəli olmasa da, hər halda, xoşagəlməz idi. Ola bilsin ki, həmin stadionda belə insident ilk dəfə baş verməsini nəzərə alacaqlar. Belə olan halda, xəbərdarlıq kifayət olacaq”.

Qeyd edək ki, Litva və Fransa milli komandaları arasında bu il Vilnüsdə keçirilən rəsmi oyunda da (0:1) rəqibin qaradərili futbolçuları yerli irqçilik şüarlara məruz qalmışdı.
0