“Levski”nin baş məşqçisi istefaya göndərildi
23.07.2009 - 15:15
“Levski”nin baş məşqçisi istefaya göndərildi
Sofiyanın “Levski” klubunun rəhbərliyi baş məşqçi Emil Velevi istefaya göndərə bilər. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın Kütləvi İnformasiya Vasitələrində 47 yaşlı mütəxəssisin serbiyalı Radko Dostaniçlə əvəzlənəcəyi barədə xəbərlər yayılıb.

Bunun baş verib-verməyəcəyini isə hamıdan yaxşı klub prezidenti Todor Batkov bilir. O, jurnalistlərə məsələ ilə bağlı qəti bir şey deməyib: “İndi mən bu haqda dəqiq bir şey söyləyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qazandığımız iki qələbəyə görə məmnunam”.

Vəzifəsindən azad olunacağı ilə bağlı deyilənlərə münasibət bildirən Velev bunu heç vaxt eşitmədiyini bildirib: “Batkovla dəfələrlə söhbət etmişik. “Sent Culiya” ilə oyunlar zamanı da telefonla danışmışıq. O, mənə yalnız uğurlar arzuladı”.

“Levski”nin idman direktoru Daniel Borimirov belə söz-söhbətlərin yayılmasına görə jurnalistləri günahlandırıb: “Baş verənlərə görə təqsirkar jurnalistlərdir. Deyə bilmərəm ki, “Sent Culiya” ilə görüş Velevin sonuncu oyunu oldu. Bu haqda “Levski”nin sahibi Batkov məlumat verməlidir. Fikrimcə, nəsə baş versəydi, o, mənə bu haqda deyərdi. Ümid edirəm ki, həftənin sonuna qədər məsələyə tam aydınlıq gələcək və hamı rahatlaşacaq”.

“Levski”nin yarımmüdafiəçisi Vladimir Qacev baş məşqçi dəyişikliyi haqda fikirləşmədiklərini söyləyib: “Biz bu haqda düşünməməyə çalışırıq. İndi bütün diqqətimizi Azərbaycanın “Bakı” klubu ilə görüşə yönəltmişik. Biz hələ rəqib haqda məlumatsızıq. Budəfəki rəqibi də mübarizədən kənarlaşdırmaq üçün hər şey edəcəyik”.

“Levski” Velevin rəhbərliyi altında ÇL-nin ikinci təsnifat mərhələsində Andorra “Sent Culiya” klubunun qapısına iki oyunda 9 cavabsız qol (4:0 və 5:0) vurub.

Qeyd edək ki, “Levski” ilə “Bakı” arasında ilk oyun iyulun 28-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Velev az öncə Bolqarıstan mətbuatına açıqlamasında bildirib ki, artıq klub rəhbərliyi onu istefaya göndərib.
0