“Ordakılardan güclü olsaydım, “Konyaspor” məni heyətində saxlayardı” - MÜSAHIBƏ
23.07.2009 - 16:28
“Ordakılardan güclü olsaydım, “Konyaspor” məni heyətində saxlayardı” - MÜSAHIBƏ
Azərbaycan milli komandasının hücumçusu Daniel Axtyamovun apasport.az saytına müsahibəsi

- Türkiyənin “Konyaspor” klubuna baxışa yollansanız da, bəyənilmədiniz. Buna səbəb nə oldu?
- Rusiyaya yenicə qayıtmışam. Həqiqətən də Türkiyəyə “Konyaspor”a baxışa getmişdim. Bir neçə gün bu komandanın düşərgəsində yer aldım, məşqlərdə iştirak etdim. Ancaq sonda keçidim alınmadı. Çünki bu komandada 6 hücumçu var idi, mən isə 7-ci oldum. “Konyaspor” hücumçuların çoxluğuna görə məni geri qaytardı.

- Hər halda, onların tələblərinə uyğun gəlsəydiniz, saxlayardılar...
- Əlbəttə. Həmin hücumçulardan bir baş üstün olsaydım, məni götürərdilər. Ancaq hər şeyə real baxmaq lazımdır. Mən də adi bir futbolçuyam.

- “Konyaspor” 6 hücumçusu olduğu halda, sizi niyə baxışa çağırırdı?
- Əvvəllər hər şey normal idi, hücumçuların sayı elə də çox deyildi. Ancaq sonradan müqavilə ilə kluba bağlı olan, Türkiyə səviyyəsində tanınmışlar gəlməyə başladı və say çoxaldı. Bu zaman komandaya düşmək çətin idi. Hadisələrin belə axar olmasına görə çox məyus oldum. Çünki komandada 3-4 hücumçu olsaydı, məni götürərdilər.

- Bəs bu variant necə ortaya çıxdı? Bəlkə sizi iyulun 2-də milli komandamızın heyətində Türkiyə ilə Kayseridə keçirilən yoldaşlıq görüşündə bəyənmişdilər?
- Agentim əslən moldovalı olsa da, Bolqarıstanda yaşayır. O, mənə “Konyaspor” variantını təklif etdi. Mən də bunu qəbul edib, özümü sınamağı getdim. Mənə dedilər ki, Türkiyə - Azərbaycan görüşündə oyunumu görüblər. Ancaq başqa konkret söhbət olmadı.

- Öncə “Konyaspor”la ilkin razılığa gəldiyiniz deyilirdi...
- Mən də internetdə ilkin razılıq əldə olunması haqda oxudum. Başa düşmürəm, niyə mənim haqda belə bir informasiya yazıblar? Guya ki “Konyaspor”la artıq müqavilə bağlamışam. Əslində, belə bir şey olmadı. Mən ora yalnız baxışa getmişdim, vəssalam.

- Orda şərait necə idi?
- Çox yaxşı komandadır. Hər halda, xoşuma gəldi. Düzdür, ötən mövsüm Superliqada yerini qoruya bilməyərək, birinci liqaya düşüb. Bununla belə, komandanın özəyi qalıb, heyətə düşmək uğrunda rəqabət böyükdür.

- Milliyətcə rus olsanız da, Azərbaycan vətəndaşlığını daşıdığın üçün Türkiyənin birinci liqasında legioner sayılmayacaqdınız...
- Doğrudur. Düzünü desəm, “Konyaspor”un baş məşqçinin adı yadımda qalmayıb. Türk dilini bilmədiyim üçün orada mənə çətin idi.

- Son vaxtlar Belarusun “Minsk” klubunda çıxış edirdiniz. Bu komandanı icarə müqaviləsi bitdiyinə görə tərk etdiniz, yoxsa?
- İcarə müqaviləmin müddəti başa çatmışdı. Axı Moskvanın “Torpedo” klubuna məxsus idim. Məni “Minsk”ə yarım illiyə icarəyə vermişdilər.

- Artıq “Torpedo” dağılıb. Məgər peşəkar klub kimi fəaliyyət göstərir ki?
- Belə götürəndə klub formal olaraq, sənəddə mövcuddur. “Torpedo” oynamasa belə, istənilən halda, müqavilə ilə onlara məxsus idim. Bu klubla iki illik müqavilə bağlamışdım. “Torpedo”da olduğum vaxtda bir il fəaliyyət göstərdilər. Sonradan klub ikinci liqaya düşən zaman fəaliyyətini dayandırdı. Sənəddə guya ki mövcuddur, ancaq əslində yoxdur.

- İndi başqa kluba keçsəniz, mövcud olmayan “Torpedo” sizə problem yarada bilər?
- Yox. Çünki artıq bu klubla bağlılığım qalmayıb. Artıq sərbəst futbolçuyam.

- Belarusda qalmaq istəməməyinizə səbəb klubda az oynamağınız idi?
- Problem bunda deyildi. Belarus çempionatının səviyyəsi yaxşıdır. Komandanın futbolçuları, məşqçilər, meydançalar, Minsk şəhərinin özü, bir sözlə, hər şey xoşuma gəlirdi. Sadəcə, orada futbolçuya az pul verirlər. Maliyyə sarıdan çətinliklər var. Oturub gözləyirsən, iki ay pulunu vermirlər.

- Milli komandanın futbolçusu olduğunuzu nəzərə alsaq, özünüzə mütləq tez bir zamanda klub tapmalısınız. Özü də avqustun 12-də Almaniya yığması ilə Bakıdakı rəsmi oyuna bir aydan da az vaxt qalıb. Gələcək taleyinizi necə görürsünüz?
- Bu problemi imkan daxilində tez bir zamanda həll etməyə çalışacağam. Agentim vasitəsilə özümə klub tapmağa çalışacağam. Bir neçə variant var. Ancaq indi bu haqda elan verib, həmin klubların adlarını açıqlamaq istəmirəm. Baxaq görək necə olacaq. Desələr, gedəcəyəm. Artıq bu, sonuncu belə hal olacaq. Fikrimcə, klubsuz qalmayacağam.

- İyulun 27-dən avqustun 6-dək milli komandamızın heyətində İsveçrənin Sürix şəhərində təlim-məşq toplanışında olacaqsınız. Bundan sonra Bakıya qayıdıb, Almaniya ilə görüşə hazırlığı davam etdirəcəksiniz. Belə çıxır ki, avqustun 12-dən sonra özünə klub tapa bilərsiniz?
- Elədir. İyulun 26-da Bakıya gəlirəm. Ertəsi gün isə yığma ilə birgə İsveçrəyə hazırlığa yollanacağam. Dəqiq bilmirəm, Almaniya ilə oyuna qədər özümə klub tapacağam, ya yox. Agentim bununla bağlı klublarla danışıqlar aparır. Hər halda, mən də özümə komanda tapmağa çalışacağam. Bunda çox maraqlıyam. Dediyim kimi variantlar var, sadəcə, hadisələri qabaqlamaq istəmirəm.

- Bəs Azərbaycana qayıdıb, yenidən milli çempionatımızda çıxış etmək variantı varmı?
- Prinsipcə, məmnuniyyətlə bunu edərdim. Yenidən Azərbaycanda oynamaq istərdim. Ancaq açığı, konkret variantlar yoxdur.

- Yəqin ki, klubsuz qalacağınız halda, milli komandamızın baş məşqçisi Berti Foqtsdan sizi daha çağırmaya bilər...
- Doğrudur. Əlbəttə ki, bunu başa düşürəm. Deməli, gərək özümə klub tapım.

- Foqtsla bu haqda söhbətləşmək imkanınız varmı?
- Bəli, onunla danışacağam. Klub tapmaq üçün daim axtarışda olacağam. İstənilən halda, mən oynamalıyam, komandam olmalıdır.
0