Bu dəfə futbol klubu “bomba həyəcanı” yaşadı
23.07.2009 - 16:41
Bu dəfə futbol klubu “bomba həyəcanı” yaşadı
Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində “Uypeşt”lə qarşılaşmaq üçün Macarıstana gələn “Styaua” (Rumıniya) səfər zamanı çətin anlar yaşayıb. Apasport.az saytının məlumatına görə, dünən gecəyarısı “Styaua”nın Budapeştdə məskunlaşdığı “Sofitel” otelinə bomba qoyulması barədə xəbər yayılıb.

Budapeşt polisi dərhal oteldə qalanları, o cümlədən Rumıniya klubunun futbolçularını mehmanxanadan bayıra çıxarıb. Bir neçə saat davam edən axtarışlar nəticəsiz qalıb. “Styaua”nın futbolçuları bomba həyəcanına görə səhərədək yata bilməyiblər. Klub rəhbərliyinin “Uypeşt”ə qarşı bu gün keçiriləcək cavab matçının ləğv olunması tələbi ilə UEFA-ya məktub hazırladığı bildirilir.

Ehtimallara əsasən, otelə bomba qoyulması barədə hay-küyü “Uypeşt” fanatları qaldırıb. “Styaua” rəsmiləri isə bu addımın çirkin olduğunu söyləyiblər.

Xatırladaq ki, bir həftə öncə Rumıniyada gerçəkləşmiş ilk oyunda “Styaua” “Uypeşt”ə 2:0 hesabı ilə qalib gəlib.
0