“Qarabağ” 52 yaşlı titulsuz komandaya qarşı
24.07.2009 - 14:42
“Qarabağ” 52 yaşlı titulsuz komandaya qarşı
“Qarabağ” klubunun Avroliqada növbəti rəqibi Finlandiyanın “Honka” komandasının 52 yaşı var. Apasport.az saytının məlumatına görə, 1957-ci ildə yaranan klub Espo şəhərini təmsil edir və ev oyunlarını keçirdiyi stadion isə cəmi 6000 azarkeş tutumuna malikdir.

İlk vaxtlar “Tapion Honka” adlanan klubun hokkey, futbol və basketbol komandaları olub. Bu üç idman növü 1975-ci ildə müstəqil klublara bölünür və “Honka” futbol klubunun tarixi başlayır. “Helsinki kuboku” turnirinin yaradıcısı sayılan “Honka” indiyədək titul üzünə həsrət qalıb. Hərçənd son iki mövsümdə ölkə kubokunun finalına çıxan komanda hər iki halda əlavə vaxtda yenilib. 1969-cu ildə də eyni aqibətlə üzləşən “Honka” ötən mövsümü gümüş medalçı kimi başa vurub.

Ancaq rəqibin 2-ci yerin sahibi kimi vəsiqə qazandığı avrokuboklarda da böyük uğurlara malik deyil. Yoyko Harnyunpyanın prezidenti olduğu “Honka”nın baş məşqçisi Mika Lexkosuodur. Komandanın “Qarabağ”la geyimlərinin rəngi üst-üstə düşür. Belə ki, əsas geyimi qara rəngdə olan “Honka” səfərdə ağ rəngli formanı daşıyır.

“Honka” da “Qarabağ” kimi əsasən yerli futbolçulara üstünlük verir, heyətində tək-tük legionerlər var, oyunçularının əksəri gənclərdir. Ancaq fərq ondadır ki, Ağdam klubunda milli üzvləri çoxluq təşkil etdiyi halda, Espo təmsilçisində cəmi bir belə futbolçu var. Bu, Finlandiya yığmasına cəlb edilən 22 yaşlı Tuomo Turunendir. Avroliqada mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayan “Honka” ilə “Qarabağ” cari mövsümdə qapısının toxunulmazlığını qoruya biliblər. Rəqibimiz Uelsin “Banqor” klubunu hər iki oyunda məğlub edib (2:0 və 1:0).

“Qarabağ” indiyə kimi avrokuboklarda Finlandiya təmsilçisi ilə görüşüb və bu, debüt mövsümünə təsadüf edib. 1996-cı ildə artıq tarixin yaddaşına qovuşan Kuboklar Kubokunda “MüPa-47” komandasına evdə 0:1 hesabı ilə uduzan ağdamlılar səfərdə Bəxtiyar Musayevin vurduğu qol sayəsində analoji hesabla qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib və son saniyələrdə hesabı bərabərləşdirən finlər bununla da növbəti mərhələyə keçiblər. Hər halda, “Qarabağ” məhz həmin heç-heçə ilə avrokuboklarda rəqib meydanında xal qazanan ilk klubumuz oldu.

Finlərlə qitə miqyaslı turnirdə növbəti görüş isə 2004-cü ildə İntertoto kubokunda “Xəzər Universiteti”nin iştirakı ilə keçirilib. “Tampere Yunayted”ə səfərdə böyük hesabla uduzan “tələbələr” “Şəfa” stadionunda Elmar Baxşıyevin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazansa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb. “Qarabağ”ın müdafiəçisi Zaur Həşimov həmin vaxt “Xəzər Universiteti”nin heyətində finlərə qarşı əvəzedilmədən oynayıb.

Norveçin “Rusenborq” klubunun ardınca yenidən Skandinaviya təmsilçisi ilə görüşəcək “Qarabağ” bu dəfə də ilk görüşü səfərdə keçirəcək. Komandamız iyulun 30-da finlərin qonağı olacaq.
0