Ağasəlim Mircavadov: O, kifayət qədər istedadlı futbolçudur
24.07.2009 - 14:56
Ağasəlim Mircavadov: O, kifayət qədər istedadlı futbolçudur
“Xəzər-Lənkəran” rəhbərliyi Moldova yığmasının hücumçusu Denis Kalinkovun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçunun agenti ilə klub rəhbərliyi arında danışıqlar müsbət yekunlaşıb və bundan sonra rəsmi müqavilə imzalanıb.

Türkiyədəki təlim-məşq toplanışında “Xəzər-Lənkəran”a baxışa gələn Denis Superliqa təmsilçisi “Əskişəhərspor”la yoxlama oyununda vurduğu gözəl qolla diqqət çəkib. Bir vaxtlar Moldovanın ən istedadlı futbolçularından sayılan Kalinkov 2002-ci ildə yeniyetmələr arasında keçirilən qitə çempionatının final mərhələsində altı qol vurmaqla, avropalı menecerlərin maraq dairəsinə düşüb. Nəticədə futbolçu UEFA kuboku və Superkubokunun qalibi olan Belçikanın məşhur “Anderlext” klubuna keçib.

Daha sonra Hollandiyada “Herakles”, “Kambur” və “Herenven”də top qovan solaxay hücumçu ardından ciddi zədələndiyi üçün bir müddət yaşıl meydanlardan kənarda qalıb. Zədəsini müalicə etdikdən sonra Moldova millisinin baş məşqçisi İqor Dobrovolskinin çalışdırdığı “Akademiya”da oynayıb. Hətta klubsuz olduğu vaxtda da milliyə dəvət alıb. Avqustun 12-də Ermənistan yığması ilə İrəvanda keçiriləcək yoldaşlıq görüşünə da çağırılıb.

“Xəzər-Lənkəran” baş məşqçisi Ağasəlim Mircavadovun yeni transferdən çox razıdır. Onun sözlərinə görə, 1,76 metr boya malik Denis kifayət qədər istedadlı futbolçudur və hər iki ayağı ilə güclü zərbələrə malikdir. Mircavadov moldovalı futbolçunun sürətli olduğunu nəzərə alaraq, onu insayd mövqeyində də oynatmağı düşünür.
0