“Levski”nin yeni baş məşqçisi: Bakıdakı oyun mənim üçün çox vacibdir
24.07.2009 - 15:56
“Levski”nin yeni baş məşqçisi: Bakıdakı oyun mənim üçün çox vacibdir
“Bakıdakı oyun mənim üçün çox vacibdir. Eyni sözləri yeni komandama da şamil edə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Levski” klubunun yeni baş məşqçisi Ratko Dostaniç deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” klubunun rəqibi olan Bolqarıstan təmsilçinin 48 yaşlı serbiyalı çalışdırıcısı paytaxtımızda debüt matçına çıxacaq. Dostaniç bildirib ki, ilk oyundaca uğur qazanmaq iddiasındadır: “Bakıdakı matç bizim böyük əhəmiyyət kəsb edir. Həmin görüşə ciddi hazırlaşırıq. Komandada nizam-intizamın olacağına söz verirəm. Klub prezidenti Todor Batkovla bir-birimizi elə iki kəlmədən başa düşdük. Mənə gələn dəvəti dərhal qəbul etdim. Birincisi, “Levski” böyük klubdur, Bolqarıstanın sevimli komandasıdır. İkincisi, qarşısında böyük məqsədlər var, məsuliyyət böyükdür və belə şərəfli vəzifəni daşımaq imkanına malikəm. Üçüncü, “Lesvki”nin böyük azarkeş ordusu var. Onlar bizim üçün 12-ci oyunçu olacaq”.

Dostaniç “Bakı” ilə sınaq öncəsi vaxt azlığından gileylənib: “Vaxt məhdudiyyətimiz var. “Bakı” ilə görüşə qısa müddətdə hazırlaşmalı olacağıq. Bəzi dəyişiklər edəcəyik. Hər oyunda daha çox aqressiv olmalıyıq. Məni tanıyanlar bilir ki, ilk növbədə nizam-intizama üstünlük verirəm. “Levski”nin oyunları olan diskləri izləmişəm. Komandada təcrübəli və perspektivli futbolçular var. Əgər hamımız bir istiqamətdə işləsək, Çempionlar Liqasında qrup mərhələsinə düşə bilərik. Bu, mümkündür və klub həmişə böyük təzyiq altındadır. Bu, kifayət qədər normaldır”.

“Levski” “Bakı” ilə oyuna bu gün və sabah Sofiyada hazırlaşacaq. Bazar günü yerli vaxtla saat 10:00-da Bakıya səfərə çıxacaq və son hazırlıq prosesi ertəsi gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0