“Bakı” və “Qarabağ” milli komandamızı İsveçrəyə getməyə qoymadı
24.07.2009 - 16:15
“Bakı” və “Qarabağ” milli komandamızı İsveçrəyə getməyə qoymadı
Azərbaycan yığması Almaniya ilə avqustun 12-də rəsmi ev oyununa Bakıda hazırlaşacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyulun 27-dən avqustun 6-dək İsveçrənin Sürix şəhərində keçirilməli olan təlim-məşq toplanışı təxirə salınıb. Buna səbəb Çempionlar Liqası və Avropa Liqasında növbəti mərhələyə yüksələn “Bakı” və “Qarabağ” klublarının heyətində millinin toplanışında iştirakı nəzərdə tutulan futbolçuların olmasıdır.

Beləliklə, toplanış iyulun 29-dan avqustun 6-dək Bakıda keçiriləcək. Hazırlıq prosesinə qapıçılar - Rauf Mehdiyev (“Simurq”), Kamran Ağayev (“Xəzər-Lənkəran”) Səlahət Ağayev (“İnter”), müdafiəçilər - Cəmşid Məhərrəmov (“Bakı”), Sergey Sokolov (“Simurq”), Samir Abbasov, Mahir Şükürov (hər ikisi “İnter”), Rail Məlikov, Tural Nərimanov (hər ikisi “Neftçi”), Ernani Pereyra (“Karvan”) yarımmüdafiəçilər - Cavid Hüseynov, Aleksandr Çertoqanov (“İnter”), Elmar Baxşıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) və klubsuz hücumçu Daniel Axtyamov qatılacaq.

Göründüyü kimi, 17 nəfərlik siyahıda “Bakı” və “Qarabağ”ın avrokuboklarda iştirak edən futbolçular, o cümlədən milli komandamızın 27 yaşlı kapitanı Rəşad Sadıqov yoxdur. Cəmşid isə avrokuboklar üçün sifariş oluna bilinmədiyindən yığmada olmaq imkanına malikdir. Əsas qapıçımız Fərhad Vəliyevin yoxluğunda uzun müddətdir zədə səbəbindən kənarda qalan Kamran Ağayev geri qaytarılıb.

Qeyd edək ki, milli komandamız təlim-məşq toplanışı dövründə hər gün saat 10:30-da və 17:30-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq edəcək.
0