“Krılya Sovetov”un futbolçusu Bakı MOİK-ində
24.07.2009 - 16:22
“Krılya Sovetov”un futbolçusu Bakı MOİK-ində
Azərbaycan çempionatının 2009/10 mövsümünə hazırlıqları davam etdirən Mərkəzi Ordu İdman Klubunun (MOİK) heyətinə daha bir futbolçu qoşulub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu, Rusiyanın “Krılya Sovetov” komandasının yetirməsi İqor İbadovdur.

Atası azərbaycanlı, anası isə rus olan İqorun 21 yaşı var. Gənc yarımmüdafiəçi müxtəlif vaxtlarda “Krılya Sovetov”un aşağı yaş qruplarından ibarət komandalarında oynayıb.

MOİK-in düşərgəsinə təzəcə qoşulmasına baxmayaraq, İqorun yeni komandasında debütü uğurlu alınıb. Belə ki, o, bu gün Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionunda “Standard”a qarşı keçirilən yoxlama matçında fərqlənib. Bu görüşdə “hərbçilər” 2:4 hesabı ilə uduzsalar da, İbadov yaxşı təsir bağışlayıb.

Rusiyada yaşamış soydaşımız, eləcə də baxışda olan digər futbolçularla bağlı yekun qərar yaxın günlərdə veriləcək.
0