“Qarabağ” - “Rusenborq” matçında stadionda neçə oturacaq sındırılıb?
24.07.2009 - 17:13
“Qarabağ” - “Rusenborq” matçında stadionda neçə oturacaq sındırılıb?
Avroliqanın ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın “Qarabağ” və Norveçin “Rusenborq” klubları arasında keçirilmiş matçda azarkeşlər oturacaqları sındırıblar. Bu barədə apasport.az saytına stadionun direktoru Akif İsmayılov məlumat verib.

İsmayılov bildirib ki, arenaya dəymiş ziyana görə, meydan sahibi qismində çıxış etmiş “Qarabağ” rəhbərliyinə müraciət olunmayacaq: “Ziyanı biz öz üzərimizə götürmüşük. Stadionda neçə oturacağın sındığını dəqiq bilmirəm. Bunu hesablamaq üçün tribunaların hamısını gəzmək lazımdır. Dəymiş ziyanla bağlı “Qarabağ”a müraciət etməyə lüzum yoxdur. Onlar Avroliqada ölkəmizi layiqincə təmsil edib, mərhələ keçdikləri üçün halal xoşları olsun!”

Stadion direktoru tablodakı nasazlığa da toxunub. O, çatışmazlıqların növbəti oyunadək aradan götürüləcəyini vurğulayıb: “Həqiqətən də tabloda nasazlıq var idi. İşığın azalıb-artmasına görə, tablo normal işləmirdi. Stadionumuzda növbəti matç iyulun 28-də “Bakı” və “Levski” arasında olacaq. Həmin görüşdə tablo yaxşı işləyəcək”.
0