“Bakı”nın iştirak ərizəsində yeni futbolçu!
24.07.2009 - 23:00
“Bakı”nın iştirak ərizəsində yeni futbolçu!
“Bakı” rəhbərliyi müdafiəçi Cəmşid Məhərrəmovun adını Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Levski” ilə oyunlara sifariş edəcək. Bu haqda apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, az öncə komandadan ayrılan makedoniyalı hücumçu Draqan Naçevskinin adı UEFA-ya göndərilən iştirak ərizəsindən çıxarılacaq: “Cəmşidi iştirak ərizəsindən bir futbolçunu çıxaracağımız halda, növbəti mərhələ oyunları üçün sifariş edə bilərik. Üçüncü qapıçı Aqil Məmmədovu iştirak ərizəsindən çıxarmağımız indiki vəziyyətdə qeyri-mümkündür. Çünki əsas qapıçımız Xalidu Sissoko cəzalı olduğu üçün “Levski” ilə ilk oyunu buraxacaq. Belə olan halda, Bakıdakı görüşdə iki qapıçımız qalıb və Aqilin ehtiyatda olması vacibdir. Draqan artıq getdiyindən onun adını çıxarıb, yerinə Cəmşidi daxil edəcəyik. Məhərrəmov mövsüm bitəndən sonra “Qarabağ”a getsə də, sonradan sıralarımıza qayıtdı. O, “Ekranas”la oyunlar öncəsi düşərgəmizdə yer alsa da, məlum səbəblərdən sifariş edə bilmədik. Fikrimcə, futbolçunun “Qarabağ”la anlaşması ciddi problem olmayacaq. İnanıram ki, bu klubun rəhbərliyi ilə ortaq məxrəcə gələcəyik”.

Qeyd edək ki, milli komandamızın da üzvü olan Cəmşid 2007-ci ilin yayında “Karvan”dan “Bakı”ya keçib.
0