Ramazan Abbasov “Bakı” ilə “Xəzər-Lənkəran”ı bir-birinə vurdu
24.07.2009 - 17:52
Ramazan Abbasov “Bakı” ilə “Xəzər-Lənkəran”ı bir-birinə vurdu
“Biz Ramazan Abbasovun “Xəzər-Lənkəran”a keçməsinə icazə verməmişik. O, komandamızı özbaşına tərk edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Vitse-prezident bildirib ki, Abbasovun Lənkəran təmsilçisinə keçməsi xəbərini mətbuatdan oxuyub. Bundan sonra məsələ ilə maraqlanmağa başlayan “Bakı” rəhbərliyi futbolçunu görüşə çağırıb: “Ramazanla telefonla danışdım. Mənə deyir ki, oynamaq istədiyi üçün “Xəzər-Lənkləran”a gedib. Əslində, avrokuboklarda ona da şans veriləcək. Qarşıda uzun marafon, çoxlu oyunlar var. Baş məşqçimiz bütün futbolçulara oynamağa imkan yaradacaq. Bundan əlavə, zədə, vərəqə ilə bağlı cəza problemlərini də nəzərə almaq lazımdır. Mən Ramazanla üzbəüz görüşüb, məsələyə tam aydınlıq gətirəcəyəm”.

Maraqlıdır ki, Abbasov bu axşam Avstriyaya hazırlığa yollanan “Xəzər-Lənkəran”ın heyətində yer alıb. Məmmədov isə futbolçunun Çempionlar Liqasında “Levski” ilə oyun öncəsi “Bakı”nın düşərgəsində olmasının vacibliyini bildirir: “Ramazan necə gedə bilər ki? Müqavilə ilə bizə məxsusdur. Onun başqa komandanın düşərgəsində yer almağına icazə verməmişik. Hələ 2 illik anlaşmamız var. Belə vəziyyətdə onun gedişi mümkün deyil. Danışıqlar olsa belə, çətin ki onu buraxaq”.

Vitse-prezident vəziyyətin bu həddə çatmasında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovu günahlandırıb: “Hələ Sloveniyada toplanışda olduğumuz vaxt Mircavadovun həm Abbasov, həm də gürcü hücumçumuz Georgi Adamiya ilə əlaqə saxlamasından xəbər tutmuşdum. O, Adamiyanı da yanına aparmaq istəyirdi. Mircavadovun indiki vəziyyətdə belə hərəkət etməsini düzgün saymıram. Çünki biz Çempionlar Liqasında oynayırıq və burada təkcə özümüzü yox, bütün Azərbaycanı təmsil edirik. O da avrokuboklarda mübarizə aparan komandadan futbolçunu xəbərsiz yanına aparır. Əksinə, belə vəziyyətdə qitə miqyaslı turnirə qatılan kluba kömək etmək lazımdır. Mircavadov isə bunun əvəzinə bizi çətin vəziyyətə qoyur. Biz heç vaxt belə şey etmərik”.
0