Rəşad Sadıqov qayıdır, qayıtmır?
27.07.2009 - 11:00
Rəşad Sadıqov qayıdır, qayıtmır?
“Kocaelispor” rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun qayıdışını artıq çətin iş sayır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Qarabağ”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Rusenborq”la oyunlarda qələbə topunun müəllifi olan 27 yaşlı müdafiəçimizə təkliflər çoxalıb.

“Kocaelispor”da transferi maraqla gözlənilən Rəşadın geri dönüşünə ümidlər xeyli üzülüb: “Onun komandaya gəlişi artıq çətin iş kimi görünür. Rəhbərlik bu transferdən vaz keçmiş deyil. Ancaq “Qarabağ”la Avroliqanın ikinci təsnifat mərhələsində “Rusenborq” qarşı müdhiş oyun göstərən Sadıqov növbəti mərhələyə çıxaran qolu vurduqdan sonra da dəyəri artdı. Dəyərinə dəyər qatan Rəşada təkliflər də çoxaldı”.

Türk həmkarlarımız vəziyyətin bu həddə gəlməsində “Kocaelispor”un rəhbərliyini qınayır: “Klub Rəşadın məsələsini əvvəldən həll edə bilərdi. Ötən mövsümün axırıncı oyunundan sonra bir həftə Türkiyədə qalan və Kayseridə oynanılan Türkiyə-Azərbaycan yoldaşlıq görüşündə forma geyinən Sadıqov “Kocaelispor”dan təklif gözlədiyini bildirmişdi. Ancaq rəhbərlikdən bu məsələdə hərəkət olmadığından futbolçu məşqsiz qalmamaq üçün “Qarabağ”a getdi”.

Daha sonra bildirilir ki, yığmamızın kapitanı ilə hələ Türkiyədə müqavilə imzalana bilərmiş: “Qarabağ” təlim-məşq toplanışı üçün Ankaradan Qızılcahamama gələndə klubumuzun Transfer Komitəsinin rəhbəri Adnan Yaman təcrübəli müdafiəçi ilə görüşdü. Elə həmin vaxt onunla sözləşmə imzalana bilərdi. Ancaq yenə yanlış strategiya oldu. Ötən mövsümdən qalan 100 min lirəsini istəyən Rəşada sadəcə, söz verildi”.

İzmitli həmkarlarımızın fikrincə, “Kocaelispor”la az öncə 300 min dollar müqavilə bağlamağa hazır olan Sadıqovun bu gün qiyməti bundan daha artıqdır: “Rusenborq”la oyunlardan sonra qiyməti artan Rəşada xaricdən olduğu kimi, Türkiyədən də gələn təkliflərin sayı artıb. Superliqa klublarından “Dənizlispor” ona israr etməsi davam edir. Superliqanın yeni təmsilçilərindən olan “Kasımpaşa”nın da Rəşadı istədiyi öyrənilib. Ankaradan sonra Azərbaycanda da əliboş dönən Adnan Yamanın qarşıdakı günlərdə rəhbərliyə raport verəcək”.

Qeyd edək ki, “Kocaelispor”un adıçəkilən rəhbər şəxsi Bakıda “Qarabağ” – “Rusenborq” oyununu (1:0) Bakıda izləmiş, daha sonra Sadıqovu böyük uğur münasibəti ilə təbrik etmiş, ardından onunla danışıqlar aparmışdı.
0