“Levski”nin sahibi Bakıda nazirdən nə istəyirmiş?
29.07.2009 - 14:38
“Levski”nin sahibi Bakıda nazirdən nə istəyirmiş?
“Mənə elə gəlir ki, hava limanında sənədlərimizə baxanda çox ləng davranırdılar. Gecə saat 12-yə yaxın olduğundan, onlar bu işi həvəssiz görürdülər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun sahibi Todor Batkov deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə oyundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında ləngiməsi onu qəzəbləndirib. Batkov bu işdə rəqibinin günahsız olduğunu da başa düşür: “Axı gecə yarıya çatdırmadığımızdan 9 min avro cərimə ödəməli olacaqdıq. Cərimə ilə yanaşı, həm də təyyarənin artıq vaxt sərəncamımızda olması üçün üst-üstə 23 min avro da ziyana düşdüm. Belə vəziyyətə düşdüyümü görəndə Bolqarıstanın Azərbaycandakı səfirini köməyə çağırdım. Amma o, məzuniyyətdə idi. Məcbur olub prezident əhatəsindən olan şəxslərlə zəngləşdim. Onlar da nəqliyyat naziri ilə danışdı. Bütün bunların “Bakı”nın təxribatı olduğunu düşünmürəm. Başa düşürəm ki, oradakı mövcud qaydalar belədir”.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli isə məsələ ilə bağlı apasport.az saytına bildirib ki, Bolqarıstan təmsilçisinin hava limanında hər hansı problemlə üzləşməsindən xəbəri yoxdur: “Əgər belə problem yaşayıblarsa, deməli, sənədlərində nəsə bir çatışmazlıq olub. Qonaqların rəhbəri onların hava limanında yubadıldığını deyirsə, çox böyük səhv edir. Ümumiyyətlə, başa düşə bilmirəm, onlarda necədir ki, sənədləri elektron aparatlarla yoxlayırlar? Yoxsa onların hava limanının əməkdaşları yanğın söndürənlər kimi hər şeyi qaçaraq tez həll edirlər. Həm də qonaq hava limanında yubanırsa, bu onun hansısa xidmətdə gecikməsindən olur: ya sərhəd, ya gömrük xidmətində, ya da polisdə. Hər birində də özündəki problemlər buna səbəb olur”.

Qeyd edək ki, “Bakı” ilə “Levski” arasında cavab oyunu avqustun 5-də Sofiyada keçiriləcək.
0