Feliks Felipe ilə bağlı Ümumdünya Antidopinq Komissiyasına müraciət edildi
29.07.2009 - 16:16
Feliks Felipe ilə bağlı Ümumdünya Antidopinq Komissiyasına müraciət edildi
“Feliks Felipe Almeydanın hazırkı durumu qənaətbəxşdir. Müalicəsini davam etdiririk. Ona 2-3 gün istirahət lazımdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun həkimi Murad Mərdanlı deyib.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” klubu ilə oyunun ikinci hissəsində “Bakı”nın braziliyalı hücumçusu rəqib müdafiəçi tərəfindən ciddi xəsarət aldı. Feliksin başına təpik dəydiyindən huşunu itirərək yerə yıxıldı və onun özünə gəlməsi üçün xeyli vaxt getdi. Dərhal əvəzlənən futbolçu meydanın kənarında yardım göstərildikdən sonra Mərkəzi Klinik Xəstəxanaya aparıldı və sonradan evə buraxıldı. Ona ilkin yardım edən Mərdanlı isə belə ağır zədələrlə əvvəllər də rastlaşdığını deyib: “Bu, karyeramda ilk belə hal deyildi. Türkiyədə “Trabzonspor”, “Malatyaspor” klublarında çalışdığım zaman belə şeylərlə rastlaşmışam. Feliks başına təpik dəyməsi nəticəsində nokauta düşmüş və özündən getmişdi. Bu zaman yaddaş itir, insan adını belə xatırlamır. Belə qısa müddətə özündən getmələr olur. Biz Felipeyə dərhal iynə vurduq, meydandan kənarda da yardım göstərdik. O, yalnız xəstəxanada özünə gəldi”.

Mərdanlı Feliksə vurulan iynələrlə bağlı Ümumdünya Antidopinq Komissiyasına (WADA) rəsmi məlumat verdiklərini bildirib: “Onun vəziyyəti ilə bağlı ən qorxulu məqam beyninə qan sızıb-sızmamağı idi. Xəstəxanada rentgen müayinəsi belə problemin olmadığını göstərdi. Feliksə tezliklə sıraya dönməsi üçün lazımı iynələr vururuq. Bununla bağlı WADA-nı artıq rəsmən məlumatlandırmışıq ki, sonradan problem yaranmasın. Xatırlayırsınızsa, milli komandamızın müdafiəçisi Sergey Sokolovda dopinqlə bağlı problem yarandığı üçün cəzaya məruz qalmışdı. Biz WADA-ya istifadə edilən müalicəvi vasitələrlə yanaşı, Təcili Tibbi Yardımdan, xəstəxanadan lazımı sənədləri də göndərmişik”.

Həkimin sözlərinə görə, Feliksin “Levski” ilə avqustun 5-də Sofiyada keçiriləcək cavab görüşündə iştirakında ciddi problem yoxdur: “Biz bunun üçün əlimizdən gələni edirik. Hazırda ona istirahət lazımdır. Buna görə də 2-3 günlük məşqlərdən azad olunacaq ki, cavab görüşündə oynaya bilsin. Fikrimcə, Felipe Sofiyadakı oyuna hazır olub, meydana çıxa biləcək”.
0