Muciri: Əvəzlənəndə öz-özümə deyirdim ki...
29.07.2009 - 17:13
Muciri: Əvəzlənəndə öz-özümə deyirdim ki...
“Fikrimcə, “Levski” ilə görüşdə yaxşı oynadıq. Hətta qələbə qazana da bilərdik. Sadəcə, bunun üçün qol vurmaq lazım idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun gürcüstanlı yarımmüdafiəçisi Amiran Muciri deyib.

Sofiyanın “Levski” klubu ilə Bakıdakı görüşdə (0:0) əsas heyətdə meydana çıxan 34 yaşlı futbolçu rəqibin əvvəlki kimi güclü olduğunu zənn edirmiş: “Mən başqa “Levski” gözləyirdim. Bolqarıstanda oynadığım vaxt bu komanda daha güclü idi. Mənim yadımda həmin “Levski” qalıb. İndiki komanda əvvəlkindən xeyli zəifdir. Fərq yerlə göy qədərdir. Çox təəssüf ki, biz evdəki oyunda qələbə qazana bilmədik. Necə deyərlər, idman xoşbəxtçiliyi bizdən üz döndərdi. Qol epizodlarında bəxtimiz gətirmədi. Ancaq bununla belə, mərhələ keçməklə bağlı ümidimizi itirməmişik. Bunu Sofiyadakı cavab görüşündə reallaşdıra bilərik”.

İkinci hissənin gedişində həmyerlisi Georgi Adamiya ilə əvəzlənən Muciri bundan narazılığını sərt şəkildə nümayiş etdirib ki, bu da baş məşqçi Qyoko Hacıyevskinin qəzəbinə səbəb olub. Makedoniyalı çalışdırıcı oyundan sonra açıqlamasında Mucirinin cəzalanacağını bildirib.

Amiran isə bundan bixəbər olduğunu söyləyib: “Hacıyevskinin haqqımda nə dediyini eşitməmişəm. Oyundan sonra onunla söhbətimiz olmadı. Bu gün məşqimiz olacaq və orada danışacağıq. Ancaq bu, futbol, “Levski” ilə oyun haqda olacaq. Əvəzləndikdən sonra Hacıyevski ilə aramda heç bir problem, dava-dalaş olmayıb. Əlbəttə, sonadək meydanda qalıb, komandaya kömək etmək istəyim var idi. Ancaq kimin meydanda olmasını baş məşqçi müəyyənləşdirir. Əvəzlədiyim zamanı Hacıyevskiyə narazılığımı bildirmədim. Sadəcə, əvəzləndiyim üçün özümü qınayırdım. Öz-özümə deyirdim ki, kaş sonadək oynayaydım. Bilirsiniz, futbolda belə şeylər olur. Meydandakı mübarizə zamanı gərginlik olur və bu zaman istər-istəməz emosional olursan. Sözsüz ki, Sofiyadakı görüşdə də oynamaq istəyirəm. Ancaq buna baş məşqçi qərar verəcək”.
0