AFFA FİFA və UEFA-dan ermənilərin cəzalandırılmasını tələb edir
29.07.2009 - 17:21
AFFA FİFA və UEFA-dan ermənilərin cəzalandırılmasını tələb edir
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ermənilərlə bağlı FİFA və UEFA-ya şikayət etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bədnam qonşularımız tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”nda futbol birinciliyi keçirir. AFFA beynəlxalq futbol qurumlarından Ermənistan tərəfini buna görə cəzalandırmağı tələb edir və bununla bağlı rəsmi müraciət hazırlayır.

Buna əsasən sanksiyanın tətbiq ediləcəyi gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, ermənilər bununla həm Azərbaycan, həm də FİFA-nın qaydalarını pozub: “İlk növbədə onu yadda saxlamaq lazımdır ki, Dağlıq Qarabağ tanınmamış dövlətdir. Bu səbəbdən də beynəlxalq idman təşkilatları orada keçirilən yarışları tanıya bilməzlər. Əminəm ki, bütün bunlar müəyyən şəxs tərəfindən təşkil olunub”.

Qondarma DQR-nın Futbol Federasiyasının rəhbər müavini Artur Apresyan isə Qarabağ futbolunun əvvəlki gücünün bərpa olunacağı üçün hər şeyin ediləcəyini bildirib. Onun sözlərinə görə, daxili imkanlarla müxtəlif birinciliklər və yarışlar təşkil olunacaq. Eyni zamanda, bu yarışların beynəlxalq idman təşkilatlarında qanuniləşdirilməsi üçün bütün addımlar atılacaq.

Qeyd edək ki, Dağlıq Qarabağ birinciliyində 9 komanda iştirak edir və üç turdan sonra Xankəndinin komandası birinci yerdədir.

www.panorama.am
0