Yoahim Löv: Azərbaycanla oyun üçün 3 qapıçı çoxdur
29.07.2009 - 17:51
Yoahim Löv: Azərbaycanla oyun üçün 3 qapıçı çoxdur
Dünya çempionatının avqustun 12-də keçiriləcək seçmə oyununda Azərbaycanla qarşılaşacaq Almaniya yığması ölkəmizə cəmi iki qapıçı ilə gələcək. Apasport.az saytının məlumatına görə, dünya yığmaları oyunlara adətən üç qapıçı cəlb etsə də, Yoahim Löv buna lüzum görmür. Bundestimin çalışdırıcısı belə addım atacağına şərh də verib: “Cəmi 3-4 günlük yığışdığımızdan 3 qapıçı çox olardı. Bu səbəbdən Azərbaycanla matça iki qapıçı çağıracağam. Bunda qeyri-adi bir şey də görmürəm”.

Lövün bu açıqlaması Almaniya yığmasındakı qapıçılar arasında rəqabəti artırıb. Belə ki, artıq ikiyə yenən yerə 4 namizəd var. Rene Adler, Robert Enke, Tim Vize və Manuel Noyer arasında kimin seçiləcəyinə isə yaxın günlərdə aydınlıq gəlməyəcək. Belə ki, buna tələsməyən Löv heyəti yalnız Almaniyada yeni mövsümün startından, həftəsonu baş tutacaq Liqa Kubokunun ilk matçlarından sonra açıqlamaq fikrindədir.
0